İsrail Baş naziri Benyamin Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayan oğlu Yair Netanyahunun təhlükəsizliyinin gücləndirilməsini istəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahu bunu İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın xaricdəki israillilərə qarşı sui-qəsd təşkil edəcəyindən narahat olduğu üçün edib. Bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib.
Eyni zamanda, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri İsrail telekanallarından birinə bildiriblər ki, xaricdə israillilərə verilən təhlükəsizlik səviyyəsi təhlükənin dərəcəsi, eləcə də vəziyyətin vaxtaşırı qiymətləndirilməsi ilə müəyyən edilir. Yair Netanyahu belə təhlükələrlə üzləşmədiyi üçün İsrail Baş Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini artırmaq niyyətində deyil.
Qəzet qeyd edib ki, Netanyahunun oğlu hazırda Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Yairin təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.
Qeyd edək ki, ötən həftə İsrailin “N12” telekanalı Yair Netanyahunun Mayamidə yaşadığı dəbdəbəli yaşayış kompleksində partlayıcı qurğuya bənzəyən əşyanın tapıldığını bildirmişdi.