Mətbuat Şurasının İdarə Heyətinin üzvləri klassik jurnalistikamızın görkəmli simalarından olan, böyük ziyalı Nəsir İmanquliyevin anım günü bağlı İkinci Fəxri Xiyabanda onu məzarını ziyarət ediblər.
MŞ sədri Əfatun Amaşov bildirib ki, N.İmanquliyev prinsipial jurnalist olmaqla yanaşı, həm də əsl vətənpərvərlik xarakterli gözəl pedaqoq idi. Onun ərsəyə gətirdiyi “Bakı” və “Baku” qəzetləri həm jurnalistika məktəbinə, həm də müstəsna əhəmiyyət daşıyan ziyalı tribunasına çevrilmişdi. Bu, Nəsir müəllimin fədakar əməyinin, bitib-tükənməyən yaratmaq əzminin nəticəsiydi. “Jurnalistika, media özlüyündə dil hadisəsidir. Nəsir İmanquliyev ötən əsrin 30-cu illərində ana dili uğrunda mübarizənin öndə gedən obrazı idi. O, məhrumiyyətlərə və çətinliklərə, təqiblərə baxmayaraq yolundan dönmürdü, böyük cəsarət nümayiş etdirərək dilimizin təəssübünü çəkirdi”, – deyən Ə.Amaşov görkəmli jurnalistin həm jurnalistlik fəaliyyətinin incəliklərinə nüfuz edən, həm də alimlik və müəllimlik keyfiyyətlərinə söykənən irsinin öyrənilməsinə və yaşadılmasına duyulan ehtiyacdan söz açıb.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, MŞ sədrinin müavinləri – Umud Rəhimğlu və Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Akif Aşırlı N.İmanquliyevi xalqın ruhunu ifadə edən ziyalı səsi, prinsipial qələm sahibi, qayğıkeş və tələbkar pedaqoq kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Onlar bildiriblər ki, N.İmanquliyev həyat yolu ilə keçmişimizə, soykökümüzə, adətlərimizə bağlılığı qorumağın, ənənələri yaşatmaq naminə səylə çalışmağın fəxarət duyulacaq mərhələsini yaratmış şəxsiyyətdir, kişilik və mərdlik simvoludur. Böyük jurnalist sovet imperiyası dövrünün qadağalarına Vətəni naminə meydan oxumağın da bariz peşəkarlıq nümunəsi olmuşdur.