“Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley tədbiri keçirilib (FOTO/VİDEO)

Azərbaycan Respublikası Prezidentinin Əhməd Cavadın anadan
olmasının 130 illiyi haqqında 20 aprel 2022-ci il tarixli
Sərəncamına əsasən Azərbaycan Ordusunda silsilə tədbirlər həyata
keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, nazirliyin təşkilatçılığıyla unudulmaz
istiqlal şairimizin anadan olmasının 130 illiyi münasibətilə
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən
“Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı tədbirdə dövlət
himnimizin müəllifinin doğma Vətənin azadlığı, müstəqilliyi naminə
mübarizələrdə keçən ağır, eyni zamanda, şərəfli ömür yoluna çıraq
tutulub, xatirəsi əsgəri ehtiramla yad edilib.

Müdafiə Nazirliyi rəsmilərinin, Bakı Qarnizonundakı hərbi
hissələrin və ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət
xadimlərinin iştirak etdikləri yubiley mərasimində əvvəlcə əsgər
xoru və bütün tədbir iştirakçıları dünyaşöhrətli Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı
Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi
təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxışının əvvəlində xalqımızın
ümummilli lideri Heydər Əliyevin dövlət himnimiz haqqında söylədiyi
dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb:
“Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ
1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız
Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini Əhməd Cavad yazıb. Onun
musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən
xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır –
Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin
himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi
xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə
müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər
böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni
dinləyərkən mən yenidən iftixar hissi duyuram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd
Cavadın anadan olmasının 120 və 130 illik yubileylərinin
keçirilməsi haqqında, eləcə də şairin “Seçilmiş əsərləri”nin latın
qrafikası ilə çap olunmasına dair sərəncamları tədbir
iştirakçılarının diqqətinə çatdırılıb.

Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat
İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və
digər çıxış edənlər bildiriblər ki, xalqımızın ümummilli lideri
Heydər Əliyev gənclərimizin vətənpərvərlik tərbiyəsinə həmişə
xüsusi önəm verərdi. Ulu Öndərimiz hələ neçə illər öncə demişdir:
“Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən,
tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc
vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu,
sadəcə orduda xidmət etmək deyil. Vətənə bağlı olmaq, Vətəni
sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Qalib
Azərbaycan Ordusunun hər bir əsgəri vətənpərvərdir. Vətən uğrunda,
öz torpağı uğrunda canından, qanından keçməyə belə hazırdır. Bu
mənada, Əhməd Cavadın Vətən sevgisi, müstəqillik, azadlıq duyğuları
hər bir əsgərimiz üçün nümunədir və Vətən müdafiəçilərini daha
böyük uğurlara ruhlandırır.

Əhməd Cavadın ədəbi yaradıcılığı, həmçinin həm qələmi, həm də
silahı ilə mübarizələrdə keçən həyatı barədə real sənədlərə,
tədqiqat materiallarına əsaslanan məlumatlar tədbir iştirakçıları
tərəfindən maraqla qarşılanıb.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
solistləri Əhməd Cavadın şeirlərinə yazılan musiqiləri ifa edib,
şairin şeirləri səsləndirilib.

Teqlər: