Gəncə Ağır Cinayətlər Məhkəməsidə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda ifadə verən şahid Müslüm Əliyev bildirib ki, İlkin Süleymanov həbs olunandan iki gün sonra qardaşı Bəhruz Süleymanov onun mağazasından alt paltarları alıb: “Yanvar ayının 7-si Bakıdan qayıtmışdım, səhəri gün İlkinin qardaşı Bəhruz mağazaya gəlib İlkin üçün alt paltarı verməyimi istədi. Dedi ki, İlkin hazırda polisdədir, paltarları ora aparacam. Hətta paltarların razmerini də yoxladıq ki, İlkinin əyninə olar, yoxsa yox”.
Şahid Bəhruz Süleymanov da eyni epizod üzrə ifadəsində bildirib ki, üstündə Nərminin izi olduğu deyilən alt paltarını qardaşı həbs olunduqdan sonra alıb.
Məhkəmədə ifadə verən digər şahid, kənd sakini Rüfət Əliyev də deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan əvvəl əmisi Arif Quliyev onlara gələrək Nərminin paltarının, ya ayaqqabısının onların qapısına asıla biləcəyini deyib: “Nərminin meyiti tapılmazdan 3 gün əvvəl əmisi Arif bizə gəldi. Dedi ki, ola bilər Nərminin paltarı, ya ayaqqabısını sizin qapıya asarlar. Göz-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin”.
Şahid Nərminin paltarının kiminsə qapısına asılacağını və ya öldüyünü Arifin haradan bilməsi ilə bağlı sualın cavabını bilmədiyini deyib.
Prosesin davamında İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov ifadə verib. Şahidin sözlərinə görə, Nərmin itkin olan müddətdə dayısı tərəfindən saxlanıldığı deyilən otaqda paltar geyinib. Həmin vaxt da orada heç kim olmayıb: “Dekabr ayının 15-də rayona toya gəlmişdim. Həmin gün Nərmin saxlanıldığı deyilən otaqda kostyum geyinmişəm. Yanımda da dostum var idi, o da şahiddir”.
Proses sabah davam etdiriləcək.