Nərminin qətli ilə bağlı şahidlər ziddiyyətli ifadələr verdi

Nərminin qətli ilə bağlı şahidlər ziddiyyətli ifadələr verdi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.

Ötən prosesdə ifadə verən kənd sakini Ürfət Əliyev bildirmişdi ki, Nərminin meyiti tapılmamışdan iki-üç gün əvvəl Arif Quliyev onlara gəlib, gecə Nərminə aid paltar, ya ayaqqabının onların qapısına atıla biləcəyini deyib.

Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşmədə bunu təkzib edib: “Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim”.

Arif Quliyev onu da təsdiq edib ki, Ülfət Quliyevlə aralarında heç bir problem yoxdur, onu yalan danışmayan biri kimi tanıyıb.

Məhkəmədə ifadə verən İlkin Süleymanovla istintaq təcridxanasında eyni kamerada saxlanılmış Rəvan İsmayılov deyib ki, İlkin Süleymanov uşaq öldürdüyünü etiraf edib, təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib.

O, məhkəmədə iştirak edən digər iki kamera yoldaşı Rəvan İsmayılovu yalan danışmaqda ittiham edib.

Hakim Dadaş İmanov zalda oturan şahidə əsəbiləşib, onun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Teqlər: