Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib – Məhkəmə

Xəbər - Samir Əli – Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun
Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın
məlumatına görə, prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev
dindirilib.

Ayxan Quliyev bildirib ki, 10-yaşlı Nərmin itkin düşdüyü gün
öncə əmisi Arif Quliyevgilə gedib, atasının göndərdiyi sellofan
torbadakı gödəkçəni verib. Ardınca da üzbəüzdə – təxminən 15 metr
məsafədə yaşayan digər əmisi Lətif Quliyevgilə keçərək, orada atası
Şərifə aid gödəkçəni götürməyə gedib. Orada Ayxandan atasının
gödəkçəsini alıb. Ondan sonra da azyaşlı qız itkin düşüb.

Daha sonra prosesdə ifadə verən Nərminin əmisi arvadı Nailə
Quliyeva qayını qızının geyimləri haqda danışıb.

“Nərmin itkin düşdüyü gün – 19 noyabr 2019-cu ildə öncə bizə
gəldi. Əlində göy paket vardı. Dedi ki, əmi, sənin kurtkandı, atam
göndərib, gedirəm nənəmgildən anamın kurtkasını da götürüm, gedim.
Qayınanam o biri qayınımgillə qalır, evləri yolun o biri üzündədi.
Saat yarım sonra bacısı Şəbnəm gəldi ki, Nərmin evə gəlib çıxmayıb.
Axşam qayınımın oğlu dedi ki, Nərmin itib”, – Nailə Quliyeva
bildirib.

Onun sözlərinə görə, 47 gün sonra – 2020-ci il yanvarın 6-da əri
Arif Quliyev qardaşı qızının paltarlarından tanıyıb: “Polislər
yaxına buraxmırdı, 10-15 metrdən gördü. Paltarlarından tanıdı.
Ayağındakı idman ayaqqabısına oxşayırdı. Ayaqqabı olub, cins
şalvar, “rozıvıy” kurtka, papaq, qırmızımtıl köynək”.

Vəkillərin meyiti kimin yuması ilə bağlı sualına qadın
ziddiyətli cavablar verib.

“Uşağın bibiləri meyiti yumağa getmişdi. Meyiti kimin yuduğunu
bilmirəm, görməmişəm” – şahid bildirib.


Məhkəmə prosesi martın 9-da Nailə Quliyevanın dindirməsilə davam
edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar
Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim
oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz
azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib.

Teqlər: