Nərminin atası bir gün sonra meyit tapılan yeri qazaraq izi itirmək istəyib – Vəkil

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin
Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət
işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev
ibtidai istintaqda ifadə verən bəzi şahidlərin məhkəmədə
dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəkil qeyd edib ki, istintaq zamanı İlkinlə birlikdə cəzaçəkmə
müəssisəsində olmuş şəxslərdən ikisi ifadəsində deyib ki, İlkin
gecələr sayıqlayaraq Nərmini öldürdüyünü bildirib: “Eyni yerdə
saxlanılan digər iki şahid isə İlkinin elə bir şey demədiyini
bildirib. Təqsirləndirilən şəxsin əleyhinə ifadə verən iki nəfər
şahid kimi tanınsa da, istintaq orqanı digər iki nəfəri şahid kimi
tanımayıb”.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra vəkil kənd sakinləri Rüfət Əliyev və Zahidə
Əliyevanın məhkəmədə dindirilməsini istəyib. Bildirib ki, sözügedən
kənd sakinləri istintaq zamanı deyiblər ki, Nərminin əmisi Arif
Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onaların həyətinə
atıla biləcəyi ehtimalını deyib.

“Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki
gün əvvəl Arif Quliyev ilə danışıblar. Arif deyib ki, ehtiyatlı
olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi
ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?”, – vəkil qeyd
edib.

O, həmçinin, İlkin Süleymanovun qardaşı Hüseyn Süleymanovun,
bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin
məhkəmədə ifadə vermələrini istəyib: “Həmçinin, Nərminin atası
Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün
sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb.
Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O,
Nərminin atası Şəriflə birgə cəsəd aşkar edilən yeri qazaraq izi
itirməyə çalışıb. İlkinin bacısı uşaqlarına gəlincə, onlar
dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa, İlkinin
bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün dərs
dediyi şagidlər də şahid kimi dindirilməlidir”.

Məhkəmə bu vəsatətləri də təmin edib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu
tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.

Teqlər: