Xəbər - Samir Əli – Trend:
Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib.
13-yaşlı Ayxan Quliyev bildirib ki, Nərmin həmin gün onlarda cəmi 2-3 dəqiqə dayanıb, hətta gödəkçəni qoymaq üçün onun torba gətirməsini belə gözləmədən çıxıb gedib.
“Nərmin cins şalvar, papaq, qırmızı kurtka, ağ idman ayaqqabısı geyinmişdi. Həmin gün valideynlərim, qardaşım, nənəm, əmim oğlu Qorxmaz da evdə idilər. Onların geyimləri yadımda deyil. Mən içəri otaqdan torba götürüb çıxanda gördüm ki, Nərmin gedib. Daha onun arxasınca küçəyə çıxmadım. Ona görə də hansı tərəfə getdiyini bilmirəm. Evimizdə nənəmin otağının pəncərəsi küçəyə baxır. Nərmin həmin tərəfə getməyib”, – deyə azyaşlı şahid bildirib.
Vəkillərin suallarını cavablandıran uşaq bildirib ki, Nərmini kənddə məktəblilər küçədə görüblər: “Sevinc və Şəmsiyyə bizim yanımızda yaşayan Səminaz müəllimənin yanına hazırlığa gedirlər. Onda yolda görüblər Nərmini”.
Vəkillər Ayxanın istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər olduğunu bildiriblər. Növbəti məhkəmə iclasında onun istintaqdakı ifadələri araşdırılacaq.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.