Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Daha sonra İlkin Süleymanovun ibtidai istintaqda dindirildiyi protokol elan olunub. Həmin vaxt şahid qismində ifadə verən İ. Süleymanov bildirib ki, küçəyə siqaret çəkməyə çıxanda evləri ilə üzbəüzdə yanğının olduğunu görüb. O, hadisə yerinə yaxınlaşıb və meyitin yandığının şahidi olub. İlkin Süleymanov hadisədən xəbərsiz olduğunu bildirib.
İlkin Süleymanovun evinə baxış keçirilərək onun paltarlarının götürülməsi də məlum olub. Evə baxış keçirilərkən heç bir şübhəli fakt aşkarlanmayıb.
Prosesdə Nərminin üzərində olan paltarların siyahısı elan edilib. Yanvarın 9-da Dondar Quşçu kəndində 25 evə baxış keçirilməsi barədə sənədlər elan olunub.
Proses avqustun 24-də davam etdiriləcək.