Nərmin Quliyeva itkin düşən gün mən bacımgildə qalmışam – Qətldə təqsirləndirilən şəxs

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan
İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs İlkin Süleymanov bildirib
ki, Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qalıb.

“Həmin gün səhər evə qayıdarkən qonşular da məni görüb. Noyabrın
21-i axşam bacımgilə getmişdim, gecəni də orada qaldım. Səhəri günü
evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla
rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə
və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta
dekabr ayında bir gün səhərdən gecəyə kimi “Fidan” şadlıq sarayında
olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk
edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən
otaqda dəzgah var, atam həmin müddətdə orada dəfələrlə iş görüb.
Barəmdə həbs qəti imkan tədbiri seçiləndə Tovuz rayonunun o vaxtı
polis rəisi Şirzad Əsgərov da məhkəmədə idi. Ona görə də qorxdum,
demədim”, – İ.Süleymanov bildirib.

Proses iyunun 1-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu
tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3
(adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.

Teqlər: