Nərimanov rayonunda 7 narkotik alverçisi saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, nəticədə
narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz
dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd
psixotrop tərkibli həb çıxarılıb.

Həyata keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı
ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar.
Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop
maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik
vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını
bildirib.

Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin
satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar.
Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək,
eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain,
274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon
və tramadol həbləri aşkar edilırək götürülüb. Emin Zeynalovdan isə
1 kiloqram 660 qram heroin aşkar olunub.

Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşul olan Elazə
Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu
şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar
edilib.


Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında
aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri
sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan
narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə
alıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində
məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində
polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: