İranda həbsdə olan hüquq müdafiəçisi və media fəalı Nərgiz Məhəmmədiyə “Yazı Azadlığı” mükafatını təqdim ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Qələm Assosiasiyasının baş direktoru Suzan Nasel məlumat yayıb.
Məlumata görə, mayın 18-də Amerika Təbiət Tarixi Muzeyində keçiriləcək mərasimdə mükafat jurnalist və vətəndaş fəalı, Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Tağı Rəhmaniyə təqdim ediləcək.
“Nərgiz Məhəmmədi İran hökumətinin onu susdurmaq üçün qəti cəhdlərinə qarşı göstərdiyi cəsarət və sarsılmaz müqaviməti ilə bütün dünya üçün ilham mənbəyidir”, – Nasel bildirib.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin zindanında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.