NEQSOL Holding 20-dən çox ölkədən iş adamlarının, sərmayəçilərin, startapların, hökumət rəsmilərinin, beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin qızıl sponsoru kimi çıxış edib.
Sammit iştirakçıları bir neçə panel müzakirələri çərçivəsində iqtisadi, ticarət və mədəni əməkdaşlıqdan COVID-19 pandemiyasının yaratdığı çağırışlara qədər bir çox mövzular üzrə fikirlərini bölüşüblər. Sahibkarlar, sərmayəçilər və startaplar öz peşəkar şəbəkələrini genişləndirmək, həmçinin investisiya və beynəlxalq əməkdaşlıq perspektivlərini müəyyən etmək imkanlarını əldə ediblər.
Sammit çərçivəsində təşkil olunmuş sərgidə “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, ətraf mühit, smart texnologiyalar, hava nəqliyyatı, logistika və digər sahələr üzrə 500 namizəd arasından seçilmiş 50 startap nümayiş etdirilib. Sərginin məqsədi gənc sahibkarları və startapları təşviq etmək idi.
“İnnovasiya mədəniyyəti NEQSOL Holding-in korporativ mədəniyyətin bir hissəsidir və bu səbəbdən biz bu kimi təşəbbüslərə dəstək göstəririk. İnnovativ sahibkarlıq, eləcə də kiçik və orta sahibkarlıq istehlakçılar və şirkətlər üçün fayda gətirərək iqtisadi artıma töhfə verir,” – deyə, NEQSOL Holding-in Baş icraçı direktoru Yusif Cabbarov bildirib.
Sammit Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə birgə təşkil olunub. Eyni zamanda, tədbir dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.