Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin DİN-ə verilməsi nəyi dəyişəcək? – AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Daxili İşlər Nazirliyinə verilməsi bu sahədə yeniliklərin olacağını ümid edir.

Bunu AzerTimes-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, 2012-ci ildə qurulan bu sistemə kifayət qədər vəsait xərclənsdə də, sonradan bu sistemin tam tətbiqi mümkün olmadı.

“Bu sistem 2012-ci ildə 300 milyon manat vəsait hesabına qurulub. Bu sistemdə əslində böyük işlər nəzərdə tutulurdu. Bu sistem vasitəsilə müasir texnologiyalardan istifadə etməklə Bakının nəqliyyat sisteminin idarə edilməsi planlaşdırılırdı. Amma heç 3 il keçməmiş nəinki intellektual idarəetmə, heç avtobus dayanacaqlarına qurulan monitorlar işləmədi və bu gün də həmin monitorlar işləmir. Hansı ki həmin manitorlar sürücülərə tıxac və boş olan yollar barədə məlumat verməli idi. Hətta bəzi hallarda monitorların tıxac göstərdiyi ərazilər boş, boş göstərilən ərazilər tıxac olurdu. Bir sözlə bu sistem tam tətbiq edilə bilmədi”,-deyə E. Muradlı bildirib.

O qeyd edib ki, bu mərkəzin Daxili İşlər Nazirliyinə verilməsi prosesdə yeniliklərlə nəticələnə bilər: “Bu prosesdə dəyişikliyin olmasını zaman göstərəcək. Amma belə bir bahalı sistemi təkmilləşdirmək mütləq lazımdır. Bu proses daha mükəmməl formada təkmilləşdirilməlidir”.


Ekspert bildirib ki, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan parklanma prosesi də Daxili İşlər nazirliyinə verilə bilər.

“Çünki, Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaları şəhərdə quraşdırılan kameralar vasitəsilə müəyyən edirdi ki, həmin kameralara da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən nəzarət edilirdi. Bu mərkəz Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilibsə, demək həmin parklanma məsələsi də bu quruma aid ediləcək. Yəqin ki yaxın vaxtlarda bu məsələ müəyyən ediləcək.

Ümumiyyətlə, bu prosesin bir qurumun nəzarətinə verilməsi məqsədəuyğundur. Parklanma, cərimələr həm yol polisinə, həm də Bakı Nəqliyyatının səlahiyyətində idi. Ona görə də bu sahədə bir növ xaos yaranmışdı. Bakı Nəqliyyat Agentliyi polisə, piolis isə Agentliyə arxayın idi. Amma bu məsələ bir qurumda cəmləşsə, bu sahədəki problemlər həllini tapa bilər”, -deyə ekspert əlavə edib.

Teqlər: