27. Nəml surəsi
﴾1﴿Ta, Sin! Bu, Quranın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
﴾2﴿Möminlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
﴾3﴿O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.
﴾4﴿Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
﴾5﴿Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
﴾6﴿(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
﴾7﴿Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız”.
﴾8﴿Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)
﴾9﴿Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!
﴾10﴿Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) “Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.
﴾11﴿Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm!
﴾12﴿Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir camaatdır!”
﴾13﴿Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər.
﴾14﴿(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!
﴾15﴿Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”
﴾16﴿Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”
﴾17﴿(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
﴾18﴿Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”
﴾19﴿(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
﴾20﴿Sonra (Süleyman) quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?
﴾21﴿And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”
﴾22﴿Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
﴾23﴿Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.
﴾24﴿Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.
﴾25﴿Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).
﴾26﴿O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!”
﴾27﴿(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!
﴾28﴿Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”
﴾29﴿(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).
﴾30﴿O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).
﴾31﴿(Məzmunu belədir: ) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”.
﴾32﴿(Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”
﴾33﴿Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”
﴾34﴿(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).
﴾35﴿Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).
﴾36﴿(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
﴾378﴿Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”
﴾38﴿(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
﴾39﴿Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”
﴾40﴿(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükürünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, möminə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
﴾41﴿(Süleyman) dedi: “(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”
﴾42﴿(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!”
﴾43﴿(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi.
﴾44﴿(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
﴾45﴿Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (möminlərə və kafirlərə) ayrıldılar.
﴾46﴿(Saleh) dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”
﴾47﴿Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçün pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
﴾48﴿(Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.
﴾49﴿Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!”
﴾50﴿Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik.
﴾51﴿(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
﴾52﴿Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!
﴾53﴿İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!
﴾54﴿Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!)
﴾55﴿Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”
﴾56﴿(Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu.
﴾57﴿Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).
﴾58﴿Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!
﴾59﴿(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!
﴾60﴿(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
﴾61﴿(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
﴾62﴿(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
﴾63﴿Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
﴾64﴿Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
﴾65﴿(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
﴾66﴿Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!” (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir!)
﴾67﴿Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən) çıxardılacağıq?
﴾68﴿Həqiqətən, bu (dirilmə) bizə vəd olunduğu kimi, öncə atalarımıza da (vəd olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!”
﴾69﴿(Ya Rəsulum!) De: “Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”
﴾70﴿(Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və (sənə qarşı) qurduqlarına (hiylələrə) görə də ürəyini qısma!
﴾71﴿Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu vəd (bizi qorxutduğunuz əzab vədəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar.
﴾72﴿De: “Tez-tələsik istədiyiniz (əzabın) bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!” (Müşriklər onlara vəd olunan əzabın bir hissəsini Ühüd vuruşunda daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar!)
﴾73﴿(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.
﴾74﴿Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir.
﴾75﴿Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın!
﴾76﴿Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.
﴾77﴿Və şübhəsiz ki, o möminlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir.
﴾78﴿Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında Öz hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir!
﴾79﴿(Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan).
﴾80﴿Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!
﴾81﴿Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər).
﴾82﴿Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər.
﴾83﴿O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər.
﴾84﴿Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah) buyurar: “Ayələrimizi anlamadığınız (bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz (dünyada) nə edirdiniz? (O nə iş idi ki, görürdünüz?)”
﴾85﴿Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (vəd olunduqları əzab, müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər!
﴾86﴿Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.
﴾87﴿Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr.
﴾88﴿(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!
﴾89﴿Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar.
﴾90﴿(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər: ) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)”
﴾91﴿(Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!
﴾92﴿Və mənə Quran oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)
﴾93﴿Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü işlərdən) əsla xəbərsiz deyildir!”