Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi Yaxın Şərqdəki gərginliyin azalmasıdır.
Bu sözləri AzerTimes-a açıqlamasında iqtisadçı Natiq Cəfərli dünyada neftin qiyməti ilə bağlı danışarkən deyib.
Ekspert qeyd edib ki, son vaxtlar Yaxın Şərqdə gərginliyin azalması üçün müəyyən addımlar atılıb:
“Ən azından İsrail-İran müharibəsinin daha da gərginləşməyəcəyi və yaxud tamamilə dayandırılması ilə bağlı bəyanatlar var ki, bu da neft qiymətinin ucuzlaşmasına şərait yaratdı. Ümumilikdə dünyada neft hasilatı heç də azalmayıb. Məsələn, ABŞ-da 13,5 milyon barrel gündəlik neft hasilatı var ki, bu rekorddur və ABŞ neft hasilatında dünya liderliyinə yüksəlib. Əvvəllər bu hasilatda Rusiya və Səudiyyə Ərəbistanı liderlik edirdi”.
Dünyada neftin ucuzlaşmasının Azərbayacana təsirindən danışan iqtisadçı bildirib ki, gündəlik qiymətlərin dəyişməsinin ölkəyə təsirlərini ölçmək çətindir:
“Əsas məsələ aylıq, rüblük, illik orta qiymətdir. Bu il hələlik orta qiymət Azərbaycan üçün kifayyət qədər komfortlu zonadadır. Çünki büdcədə nəzərdə tutulmuş məbləğdən daha yüksəkdir.
Amma 2025-ci ildə parlament daha ehtiyatlı yanaşmaqdansa, neftin qiymətini büdcədə 75 dollar götürüb. Bu ciddi problem ola bilər. Çünki gələn il neft qiymətlərinin 75 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Belə bir təhlükəli məqam var. Bu məsələyə diqqət yetirmək lazımdır”.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 72,8 dollardır.