Xəbər - Samir Əli -Trend:
Paytaxtın Nizami rayonunda guya gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib.
“Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar”, – deyə məlumatda bildirlib.
Xatırladaq ki, hadisə dünən gecə saat 12 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “X-Life” gecə klubunun yaxınlığında baş verib.