Neftçalaya yeni su xətti çəkiləcək (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Qlobal iqlim dəyişikliyi və son illər müşahidə olunan quraqlıq
nəticəsində yaranmış su çatışmazlığının aradan qaldırılması
məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlər həyata
keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq
edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə
dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli
su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o
cümlədən Neftçala rayonundakı yaşayış məntəqələrinin içməli su
təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz
tədbirlər görülür.

Ölkə başçısının xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin
iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km
uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi
7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. Magistral
kəmərin tikintisi qısa müddətdə yekunlaşıb və 2020-ci ilin noyabr
ayından etibarən Neftçala şəhərinə suyun verilməsi təmin
edilib.

Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş
magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı,
kəndlərin içməli su təchizatı üçün də imkanlar yaradıb. Ötən dövrdə
magistral kəmərin marşrutu boyu və Neftçala şəhərinin yaxınlığında
yerləşən 11 kənddəki modul qurğulara suyun verilməsi təmin
edilib.

Qeyd edək ki, Neftçala rayonunun 42 kənd və qəsəbəsində əhalinin
içməli su ilə təminatı məqsədilə modul tipli sutəmziləyici qurğular
quraşdırılıb. Kür çayında və suvarma kanallarında yaranan su
problemi ilə əlaqədar modul qurğuların fəaliyyətində fasilələr
yaranır və əhalinin içməli suya olan tələbatı maşınlarla daşıma
yolu ilə ödənilir. Hazırda rayonun 20-dək kəndindəki modul tipli
təmizləyici qurğulara sudaşıyan maşınlarla suyun daşınması həyata
keçirilir. Bu məqsədlə 8 ədəd sudaşıyan maşınla mütəmadi olaraq
modul qurğulara, kənd və qəsəbələrdə quraşdırılmış səyyar çənlərə
suyun daşınması təmin edilir. Artan tələbatın ödənilməsi məqsədilə
əlavə maşınların cəlb olunması üçün işlər görülür. Daşıma yolu ilə
suyun çatdırılmasında operativliyi və səmərəliliyi artırmaq
məqsədilə həmin kəndlərə mümkün qədər yaxın ərazidə 3 ədəd su
dayağı quraşdırılıb.

Neftçala rayonunun digər kənd və qəsəbələrinin dayanıqlı içməli
su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup
su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin, eləcə
də magistraldan kənd və qəsəbələrə daşıyıcı xətlərin inşası
layihələndirilib.

Teqlər: