Xəbər - Samir Əli – Trend:
Neftçala rayonunun yaşayış məntəqələrinin su təminatında yaranmış mövcud çətinliklə əlaqədar müşavirə keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, rayon ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Mövcud problemin həlli ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədovun və digər məsul şəxslərin iştirakı ilə müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidentinin 11 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Azərsu” ASC tərəfindən Salyan şəhərindən Neftçala şəhərinə 560 mm- lik 39,2 km polietilen su xətti çəkilib və Neftçala şəhəri ərazisində Neftçala Su Kanal İdarəsinin abonenti olan vətəndaşlar keyfiyyətli içməli su ilə təmin olunur.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” ASC tərəfindən 2021-ci ildə icrası nəzərdə tutulan işlər müşavirədə müzakirə olunub. Qeyd olunan təkliflərə əsasən Neftçala şəhərində və Xəzər dənizin Kür çayına daxil olması nəticəsində içməli su təminatında çətinlik yaşayan kəndlər mövcud vəziyyətə uyğun analiz olunub. Əhali sayı, su alan abonentlərin mövcud vəziyyəti, şəhər əhalisi su təminatı, kəndlər və qəsəbələrdə olan modul tipli su təmizləyici qurğuların, yerlərdə su bulaqlarının mövcud vəziyyəti, 2020-ci ildə Neftçala RİH-nin təşəbbüsü ilə yerləşdirilən su çənlərinin mövcud vəziyyəti, yeni çəkilən su xətti üzərində inşa olunan qüllələr, su daşıyan texnikaların qrafikləri geniş şəkildə müzakirə olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin qısa zamanda içməli su ilə təmin olunması üçün “Azərsu” ASC-ə vətəndaşları daha çox narahat edən məsələlər ətrafında təkliflərlə çıxış edib. Keçirilən məhsuldar görüşdə, təkliflər toplanaraq, yenidən qiymətləndirmə üçün mütəxəssislərlə müzakirəyə göndərilib. Yaxın zamanda işlərin icrasına başlanılması haqqında qərar qəbul olunub.