Neftçalada bələdiyyə sədri barədə cinayət işi başlanıb.
Neftçala rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif
dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon
prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823
manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla
Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini
öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilmiş
bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin
179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.