Neftçalada 100 km içməli su xətti çəkiləcək

Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təminatı
layihələrinin icrası və 2022-ci ildə görüləcək işlərlə bağlı
təqdimat keçirilib.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Neftçala Rayon
İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun yaşayış
məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə
magistral su kəmərinin tikildiyini və artıq 14 yaşayış məntəqəsinin
içməli su probleminin həll edilidiyini diqqətə çatdırıb.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki,
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər
Planı” çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala
şəhərinə 40 km uzunluğunda magistral kəmərinin və Salyan şəhəri
yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının inşası başa
çatdırılıb, 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə, 2021-ci
ildə isə magistral kəmərə və şəhərə yaxın ərazidə yerləşən
kəndlərin bir qisminə suyun verilməsi təmin edilib. Bununla paralel
olaraq Neftçala şəhərində içməli su təchizatı sistemlərinin yenidən
qurulmasına başlanılıb. Mərhələlərlə icra olunan layihə 2022-ci
ildə də davam etdiriləcək və cari ildə şəhərdaxili su şəbəkəsinin
tikintisi başa çatdırılacaq və bəzi kəndlərə suyun verilməsi təmin
olunacaq.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin
rəis müavini Ceyhun Məmmədov Neftçala rayonunun yaşayış
məntəqələrinin içməli su təminatı layihəsi barədə geniş təqdimatla
çıxış edib. Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2022-ci ildə
Neftçala şəhərində 100 km içməli su xətti çəkiləcək, hər bir evə
birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla yanaşı 13 km
uzunluğunda tullantı su xətlərinin və 1 ədəd yeni kanalizasiya
nasos stansiyasının inşası nəzərdə tutulur. Yeni kanalizasiya nasos
stansiyasının istismara verilməsi ilə istismar müddətini başa
vurmuş və tez-tez qəzaların baş verdiyi 9 nasos stansiyasının
fəaliyyəti dayandırılacaq. Layihənin növbəti mərhələsində şəhərdə
kanalizasiya şəbəkəsinin qurulması və formalaşan tullantı suların
təmizlənib-zərəsizləşdirilməsi məqsədilə tullantı suəmizləyici
qurğunun tikintisi həyata keçriləcək.

Neftçala rayonunun kənd və qəsəbələrinin su təminatı məqsədilə
də layihə hazırlanıb. Bu məqsədlə kəndlərin bir qisminə mövcud
magistraldan, bir qisminə Salyan şəhərinin şəbəkəsindən, bir
qisminə isə Şirvan-Muğan qrup su kəmərinin Şorsulu ərazisindən
keçən hissəsindən suyun verilməsi layihələndirilib. Daha uzaq
məsafədə yerləşən bəzi kəndlər üçün lokal həll planı işlənib və
həmin kəndlərdə əks-osmos tipli sutəmizləyici qurğuların
quraşdırılması layihələndirilib. Təqdimatdan sonra layihə ətrafında
geniş fikir mübadiləsi aparılıb, rayon rəhbərliyinin təklifləri
dinləndilib. Təkliflər nəzərə alınmaqla yekun sənəd hazırlanaraq
hökumətə təqdim ediləcək.

Teqlər: