Xəbər - Çingiz Səfərli – Trend:
Sentyabr ayında neft-qaz qiymətlərinin bahalaşmasının əsas səbəbi avqustun 27-də Meksika körfəzinə, o cümlədən ABŞ-ın neft-qaz hasil olunan ştatlarına İda qasırğasının vurduğu fəsadlardır.
Bunu AzerTimes-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban deyib.
O bildirib ki, hasilatın bərpası gözləniləndən daha uzun müddət çəkdiyi üçün birjalarda qiymətlər artmaqdadır: “Təsəvvür edin ki, bu həftənin əvvəlinə qaz hasilatı avqust ayı ilə müqayisədə 24 faiz, neft hasilatı isə 20 faiz azdır. Ümumilikdə isə gündəlik neft hasilatı 1,7 milyon barel azalıb. İda qasırğasının fəsadları zamanı platformaların işləməməsi səbəbindən hasilat dayanmışdı. Baxmayaraq ki, OPEC sentyabr ayında hasilatı daha 400 min barel artırdı, ancaq bu tərəfdən bazardan qısa bir müddətdə ortalama 1 milyon barel neft çıxarıldı. Əlbəttə ki, bu, postpandemiya dövründə bərpa olunan bazar üçün neftin defisiti deməkdir. Ona görə də qiymətlər avqustdakı 70 dollardan 80 dollara qalxdı”.
İ.Şabanın sözlərinə görə, əvvəllər təbii qazın qiymətləri neftin qiymətini oriyent kimi götürürdüsə, indi əksinə olub: “Qaz hasilatında yaşanan defisit və qiymətlərin 1000 dollardan yuxarı səviyyəyə yüksəlməsi bazar iştirakçılarının mazuta meyilliliyini artırıb. Yəni, elektrik stansiyaları enerjini hasil etmək üçün neft məhsullarından istifadəyə yönəlib. Bu da neft məhsullarına tələbatı artırıb. Nəticədə, neftə ajiotaj tələb yaranır, təklif isə onu qarşılamaq üçün müəyyən zamanlarda yetərli olmur. Klimatik faktorların fəsadları aradan qaldırıldıqdan sonra qiymətlər normallaşacaq. İkinci tərəfdən, qazla bağlı ajiotaj da səngiyəcək. Bu gün birjalara qızışdırıcı təsir göstərən digər bir amil Avropanın yeraltı qaz anbarlarında payız-qış mövsümünə nə qədər ehtiyatın toplanması ilə bağlı gündəlik xəbərlərdir. O prosesi də keçəndən sonra vəziyyət stabilləşəcək. Lakin qış soyuq keçsə, təbii ki, qiymətlər də yüksək olacaq. Əgər biz birjalarda neftin qiymətinə baxsaq, dekabr fyuçerslərində qiymətlərin noyabrdan cəmi 1 dollar aşağı olduğunu görərik. Yəni, il sonuna doğru böyük bir dəyişiklik yoxdur”.
Twitter: @cingizsafarli