Xəbər - Ləman Zeynalova – Trend:
Neft-qaz sahəsində rəqəmsal keçidin potensial üstünlükləri istehsal gücünün artması, vaxta və vəsaitlərə qənaət, daha təhlükəsiz əməliyyatlar, eləcə də resursların rasional idarə olunmasıdır. Dünya neft-qaz sənayesi istehsal xərclərini azaltmaqla mənfəətin artırılmasına çalışdığı üçün hasilat və kəşfiyyat üzrə əməliyyatların inteqrasiyası və rəqəmsallaşdırılması bu hədəflərə çatmağa kömək edəcək.
Dəyərin azaldılması
Norveçin “Rystad Energy” konsaltinq şirkəti bildirir ki, məlumatların rəqəmsal formaya keçirilməsini nəzərdə tutan rəqəmsallaşma neft-qaz sahəsində 100 milyard dollaradək vəsaitə qənaət etməyə imkan verə bilər.
Audit və konsaltinq xidmətləri göstərən “Deloitte” beynəlxalq şirkətlər şəbəkəsinin analitikləri hesab edir ki, hazırda bazarda təmsil olunan rəqəmsal həllərin əksəriyyəti bu sahənin əməliyyat xərclərinin azalmasına yönəlib. Əlbəttə ki, rəqəmsal texnologiyalar əməliyyat xərclərini azaldıb və azaltmaqda davam edəcək. Amma bununla yanaşı, 3,4 trilyon dollar dəyərində xalis əsas vəsaitlər və ya istehsalat kapitalı var ki, mövcud rəqəmsal həllər bunları əhatə etmir. Bu rəqəmlə müqayisədə kapital məhsuldarlığının bir faiz belə artması 40 milyard dollara yaxın vəsaitə qənaət etməyə imkan verəcək. Rəqəmsal həllər həm əməliyyat, həm də əsaslı xərcləri optimallaşdırmağa başlayandan sonra neft-qaz şirkətləri aşağı neft qiymətləri fonunda belə mövcud kapital rentabelliyinin azalması tendensiyasını dəyişmək gücündə olacaq.
Neft və qaz hasilatında süni intellekt
“McKinsey & Company” şirkətinin fikrincə, süni intellektə qoyulan investisiyalar neft və qaz sahələrində məhsuldarlığı artırmağa imkan verəcək.
Rəqəmsal transformasiya davam etdiyi müddətdə iri aktivləri olan bəzi şirkətlər süni intellektin səmərəli istifadəsində lazımi diqqət ayırmaya bilər. Şirkətin tədqiqatları göstərir ki, süni intellekt bu şirkətlərin mürəkkəb əməliyyatlarının təşkilində kömək edə bilər, yüksək məhsuldar alətlər isə onlara öz alqoritmlərini hazırlamaq imkanı yaratmaq gücündədir. Başqa sözlə, iri aktivli şirkətlər süni intellekt vasitəsilə öz bizneslərini genişləndirə və mənfəətlərini artıra bilər. Onlar enerji istehlakını azaltmaq gücündədir. Araşdırmalar göstərir ki, süni intellekt avadanlığı intensiv şəkildə yeniləməyə ehtiyac duymadan məhsuldarlığın artırılmasını təmin edə bilər.
“McKinsey & Company” bildirir ki, qeyri-stabil marjası olan şirkətlər üçün süni intellekt risklərin daha səmərəli idarə olunmasında mühüm imkanlar yaradır.
Azərbaycanın neft-qaz sektorunda rəqəmsallaşma
Bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsal transformasiya proseslərinin idarə olunması üçün Xəzər İnnovasiya Mərkəzini (CIC) təsis edib.
CIC SOCAR-da istifadə olunan bütün proqram təminatını ətraflı təhlil edib, boşluqları aşkar edib və optimallaşdırmaya ehtiyac olan sferaları müəyyənləşdirib. CIC 2018-ci ildə kəşfiyyat və hasilat sahəsində rəqəmsal layihələrin reallaşdırılmasına başlayıb. Qazma sektoru tamamilə SAP ERP platformasına arxalanır, çünki bu sahədə çoxsaylı risk və qeyri-müəyyənliklər mövcuddur. Burada bütün proseslər, o cümlədən planlaşdırma, qazma və buruqların istismara verilməsi prosesləri avtomatlaşdırılıb. SAP UFAM platforması dünyada ilk dəfə neft və qaz hasilatının bütün proseslərinin sistemləşdirilməsi və avtomatlaşdırılması üçün tətbiq edilib. SOCAR-ın “Azneft” İstehsalat Birliyi öncül texnologiyalardan, o cümlədən maşın tədrisindən istifadə edir. Şirkətin sistemləri quyudan gözlənilən hasilatı, mümkün riskləri və hadisələri proqnozlaşdırır.
Layihənin dəyərinin avtomatik hesablanması, təhlükəsizlik və ətraf mühitlə bağlı işlərin avtomatlaşdırılması 2021-ci ildə də SAP platformasında geniş tətbiq olunur. Avtomatlaşdırma işləri təkrar emal və satış sektorlarında, o cümlədən “Azərikimya” İstehsalat Birliyində də aparılır. Vahid baza yaradılandan sonra şirkətin “Industry 4” standartlarına cavab verən sistemləri olacaq. SOCAR artıq şirkət məlumatlarının təhlili, əşyaların interneti, videoanaliz və digər yeni nəsil texnologiyaların tətbiqini nəzərdə tutan plan hazırlayıb.
2021-ci il aprelin 9-da “SOCAR Tower”də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı baş tutub.
Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılmış, hazırda istismarda olan və istismardan çıxarılmış 44000 quyunun 50 faizə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər.
Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış video müşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.
(Tərcümə: Orxan Nəbiyev)