Hazırda neftin qiymətinin aşağı düşməsi kəskin bahalaşmadan sonrakı tendensiyadır. Belə ki, neftin qiyməti 100 dollara qədər qalxmışdı. İndi isə qiymətin fiksasiyası baş verir. Bu, zaman-zaman müşahidə edilən məsələdir.
Bu sözləri AzerTimes-a iqtisadçı ekspert Natiq Cəfərli dünya birjalarında bir neçə gündür neftin ucuzlaşmasını şərh edərkən deyib.
N.Cəfərli bildirib ki, enmənin dərin olmasının səbəbi yayılan bəzi məlumatlardır:
“Məsələn, ABŞ-da hasilatın artması və ya daha çox artacağı, son iki həftədə dünyada işləyən buruqların sayında artım və bu qəbildən olan başqa məlumatlar neft bazarına təsir göstərdi. Həmçinin, Səudiyyə Ərəbistanının və Rusiyanın kəsintiyə gedəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra hasilatın azaldılmasının gözlənilən templərdən daha aşağı olduğu üzə çıxdı. Nəticə etibarı ilə son dövrlər neftin qiymətinin enməsi müşahidə olunur. Ancaq düşünürəm ki, bir müddət sonra qiymət sabitləşəcək. Təxminən 85-95 dollar arası olacaq. Bu da həm istehlakçılar, həm də istehsalçılar üçün kifayət qədər əlverişli qiymətdir”.