Neft Emalı Zavodunun təmirə dayanması yanacaq təminatına təsir etməyəcək – SOCAR

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal
gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan
yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə
təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal
təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi
məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri
davam edir.

SOCAR-dan AzerTimes-a verilən
məlumata görə, layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və
dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in
2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və
kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı
planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun
müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər
həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən
kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar
təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcəkdir.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik
yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən
lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan
keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam
etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal
olunacaqdır. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan
tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin
ediləcəkdir. Fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının
formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.
Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində
ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.

Teqlər: