Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq – Baş direktor müavini

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası
və yenidənqurulması” layihəsi çərçivəsində görülən işlər haqqında
ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların
Təmizlənməsi Qurğusunun (CSTQ) və təmizlənmiş çirkab suların Xəzər
dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi,
həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsi (MTQ) sənədinin müzakirəsi məqsədilə ictimai
dinləmə keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit
üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri iştirak ediblər.

İctimai dinləmə zamanı “Modernizasiya və yenidənqurma” layihəsi
çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin
ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri,
həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi
planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına
məlumat verilib.

SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun
müavini, layihənin direktoru Emil Alxaslı çıxışında bildirib ki, “AVRO-5” standartlarına uyğun dizel ve benzin istehsal edəcək
qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir. Belə
ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-de 22 əsas texnoloji
qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir
tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı
qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə
müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod
təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə
yenilənəcək.

Bundan əlavə, çıxış zamanı bildirilib ki, layihə çərçivəsində
NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata
keçirilir. NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması
məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks
tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir.
Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən
etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ildə əsaslı
təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in
təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək.
Layihənin növbəti mərhələlərinin icrası nəticəsində isə bir neçə
ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata
keçirilməsi hədəf kimi qarşıya qoyulub.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik
yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən
lazımi tədbirlər görülüb. Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir
işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması
gözlənilmir.

Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan
sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə “AVRO-5”
standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub.
Diger yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə
NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması
və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “AVRO-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi
qoyulub.

SOCAR-ın “Downstream Management” şirkətinin Ətraf mühit üzrə
meneceri Tural Məhərrəmov çıxış edərək, layihənin ölkəmiz üçün
böyük ekoloji əhəmiyyət kəsb etdiyini, layihə müddətində yerli və
beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət
yetirildiyini vurğulayıb. O, həmçinin müasir texnologiyaların
tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu qeyd
edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy
və təkliflərin yekun sənəddə nəzərə alınacağı bildirilib.

Daha sonra tədbir iştirakçıları, o cümlədən media nümayəndələri
NEZ-in ərazisini gəzərək görülən işlərin mövcud vəziyyəti ilə tanış
olublar.

Teqlər: