“Nefrologiyanın aktual problemləri” mövzusunda elmi konfrans öz işinə başlayıb (FOTO)

10 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük
Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki
Uroloji Xəstəxana PHŞ-nin, Azərbaycan Nefroloqlar Cəmiyyətinin,
Nefrologiyanın İnkişafına Yardım İctimai Birliyinin və “EGİS
Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin birgə
təşkilatçılığı ilə “10 mart Ümumdünya Böyrək Günü”nə həsr edilmiş
“Nefrologiyanın aktual problemləri” mövzusunda
Elmi Konfrans Azərbaycan Respublikasının dövlət himninin
səsləndirilməsi ilə öz işinə başlayıb.

Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana
PHŞ-nin direktoru, Azərbaycan Nefroloqlar Cəmiyyəti İctimai
Birliyinin sədri, t.ü.f.d. Fariz Babayev konfrans iştirakçılarını
salamlayaraq xroniki böyrək xəstəliyi ilə mübarizədə ölkəmizdə
həyata keçirilən tədbirlər barədə məlumat verib və bu sahədə
mütəxəssislərarası təcrübə mübadiləsinin vacib əhəmiyyətə malik
olduğunu qeyd edib. Birgə əməkdaşlıqla həyata keçirilən tədbirin
həkimlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi
istiqamətində də mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Fariz
Babayev çıxışının sonunda konfransın işinə uğurlar arzu edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini,
t.ü.f.d., dosent İsmayıl Əfəndiyev də rəsmi hissədə çıxış edərək
konfrans iştirakçılarını salamlayıb. Ümumdünya Böyrək Gününün
tarixi barədə geniş məlumat verən İ.Əfəndiyev xroniki böyrək
xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O,
Mərkəzi Gömrük Hospitalında pandemiyadan əvvəlki dövrdə uroloji və
nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi
xidmət göstərildiyini vurğulayıb və böyrək transplantasiyası
sahəsində həm maddi texniki baza həm də kadr potensialı baxımından
Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd
edib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mütəmadi
olaraq əməkdaş qurumlarla birgə səhiyyə işçilərinin bilik və
bacarıqlarının təkmilləşdirilməsi, eləcə də Mərkəzi Gömrük
Hospitalının mövcud təcrübəsinin paylaşılması istiqamətində elmi
tədbirlər həyata keçirdiyini vurğulayan İ.Əfəndiyev çıxışının
sonunda konfrans iştirakçılarını interaktiv müzakirələrdə aktiv
iştirak etməyə dəvət edib.

Konfransın rəsmi hissəsində eyni zamanda Milli Məclisin Səhiyyə
komitəsinin üzvü, millət vəkili İlham Məmmədov da çıxış edib və
mövzunun aktuallığına dair fikirlərini bölüşüb. Xronik böyrək
xəstəliyindən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi
xidmətlərin göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində
müvafiq səhiyyə islahatlarının həyata keçirildiyini qeyd edən
İ.Məmmədov icbari tibbi sığortanın uğurlu tətbiqinin bu sahədə
müsbət nəticələrin əldə edilməsində mühüm rola malik olduğunu
vurğulayıb.

Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Mərkəzi
Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin
rəisi, t.ü.f.d. Mircəlal Kazımi, Ege Hospitalın nefroloqu Barat
Yusubov və Medservis özəl tibb mərkəzinin direktoru Hikmət
İsmayılovun moderatorluğu ilə “Böyrək zədələnmələri: Müalicə və
diaqnostikada yeniliklər” paneli ilə öz işinə davam edib.

Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə
həyata keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Efferent
Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov tərəfindən “Diabetik
nefropatiya: SGLT2 inhibitorları”, Mərkəzi Gömrük Hospitalının
infeksionisti Mədinə Abdullayeva tərəfindən “Böyrək çatışmazlığında
antibiotiklərdən istifadə”, Akademik M.C.Cavadzadə adına Respublika
Klinik Uroloji Xəstəxanası PHŞ-in Hemodializ şöbəsinin nefroloqu,
t.ü.f.d. Hafiz Ağayev tərəfindən “Ambulator şəraitdə nefroloji
xəstələrin müşahidə və müayinə prinsipləri” və Akademik
M.C.Cavadzadə adına Klinik Uroloji Xəstəxanası PHŞ-in Hemodializ
şöbəsinin müdiri, t.ü.f.d. Rüfət Əhədov tərəfindən “Hemodializ
yoxsa periton dializi?” mövzularında məruzələrinin dinlənilməsi
nəzərdə tutulub.

Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji
Xəstəxananın tədbir zalında 80 nəfər müvafiq ixtisaslı həkimin
iştirakı ilə həyata keçirilən elmi konfransda 3 paneldə ümumilikdə
14 məruzənin dinlənilməsi planlaşdırılıb.

Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də
canlı yayımlanan elmi konfrans Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin
akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı
ilə qiymətləndirilib.

Teqlər: