Haqqında hər hansı rəsmi qərar olmasa və ya açıqlanmasa da, hər kəs bilir ki, Azərbaycan ordusunda Nəcməddin Sadıkov erası artıq bitib.
Əslində, 1993-cü il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Sadıkovun 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən Müharibəsindən cəmi bir neçə gün sonra tutduğu vəzifədən azad edilməsi barədə şəxsi heyətə məlumat verildiyini təsdiqləyən məlumat almışdıq. Bununla da, Azərbaycan ordusu Vətən Müharibəsini Baş Qərargahın rəisi olmadan qələbə ilə başa vurdu.
Bildiyim qədər, tarixdə belə bir hadisənin analogiyası yoxdur. Nəcməddin Sadıkov uzun illərdir, tənqid edilirdi. Onun müharibənin gedişində vəzifədən azad edilməsi tənqidlərin tam əsaslı olduğunun göstəricisidir. Hər halda, heç bir ölkə tutarlı səbəb olmadan Baş Qərargah rəisini “neytrallaşdıraraq” müharibə aparmaq riskinə getməzdi. Müharibənin davam etdiyi şəraitdə isə Baş Qərargaha yeni rəis təyin etmək o qədər də məqsədəuyğun hesab olunmurdu.
Hazırda ən çox müzakirə edilən məsələrin başında Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına kimin rəis təyin ediləcəyidir. Sadıkovun xələfinin kimliyi ilə bağlı xeyli iddia var. Həmin iddialara keçməzdən öncə yenidən sabiq BQR haqqında bir neçə kəlmə deyim. Heç kəsə sirr deyil ki, sabiq BQR Rusiyanın adamı sayılırdı. Onun ən çox tənqid edildiyi yönlərindən biri də, 17 il Azərbaycan Silahlı Qüvvələrinin BQR-i olduğu halda, dövlət dilini bilməməsi, hətta bütün əmr və tapşırıqları rus dilində verməsi idi.
İndiki vəziyyətdə Türkiyə ilə münasibətlərimizin bütün mühüm kriteriyalarına cavab verən bir generalın BQR postuna təyinatı daha çox arzuolunandır. İnsanların bu düşüncəsinə hörmətlə yanaşaraq, onların bu arzusunun haradan qaynaqlandığını başa düşürəm. Şəxsi fikrimə gəldikdə isə yeni təyin ediləcək BQR milli kadr, ilk növbədə Azərbaycanın maraqlarına xidmət edən biri olmalıdır. Hər sahədə olduğu kimi, Orduda da belə yüksək vəzifəyə gətiriləcək şəxsin yetişdirilmədiyi göz önündədir.
Bəli, xidmətdə olan generalların çoxu “vurulmamaq” üçün özlərini qorumaq xatirinə Nəcməddin Sadıkov və komandası ilə mehriban olub. Bəziləri öz postlarını qorumaq üçün “nə ət olub, nə də balıq”. Onlara qarşı çıxanların böyük hissəsi isə Ordudan uzaqlaşdırılıb. Ona görə də, hazırda seçim etmək çox çətindir.
Keçək potensial namizədlərə. Müdafiə Nazirliyində vəzifə tutan general-mayor Həsənov Ayaz Binyət oğlunun adı bu təyinatda daha çox hallanır. Ayaz Həsənovu tərif edənlərin də, tənqid edənlərin də vurğuladığı bir məqam var – Ayaz Həsənov çox savadlı zabitdir. Onun BQR postuna təyinat alacağı, əslində, bu günün yox, bir il öncənin də iddiası idi. İddia olunurdu ki, Nəcməddin Sadıkov öz yerinə məhz Ayaz Həsənovu hazırlayır. Ayaz Həsənovu digər namzidələrdən fərqləndirən cəhətlərdən biri onun Birinci Qarabağ müharibəsində iştirak etməməsidir.
Digər namizəd general-leytenant, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini Kərim Vəliyevdir. Kərim Vəliyev Birinci Qarabağ müharibəsində iştirak edib, korpus komandiri olub, 2014-cü il mayın 14-də indiki vəzifəsinə təyin edilib. Vətən Müharibəsində də fəal iştirak edib. Cəbhənin cənub istiqamətində aparılan uğurlu əməliyyatları idarə edən generallardan biri olub. Kərim Vəliyev nazirlikdə olan çox az sayda generallardandır ki, ona “kiminsə adamıdır” damğası vurulmayıb. Kərim Vəliyev nazirlik daxilindəki intirqalarda adı ən az hallanan genarallardan biridır.
Bununla belə, BQR postuna namizəd göstərilənlər arasında adı ən çox hallanan fiqur general-polkovnik, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Nəriman oğlu Mustafayevdir. Kərəm Mustafayev hazırda icra etdiyi vəzifəyə 2014-cü il mayın 14-də təyin edilib. O, 1992-ci ildə ordu sıralarında xidmətə başlayıb. Mustafayevin Türkiyənin hərbi elitası ilə sıx əlaqələrinin olduğu bildirilir. Onun az müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşməsi bu iddianı xeyli gücləndirir. Məsələ ondadır ki, müharibə başlamazdan öncə də Kərəm Mustafayevin adı BQR və ya müdafiə naziri postuna əsas namizəd qismində hallanırdı. Əldə etdiyimiz məlumata görə, hazırda Kərəm Mustafayev öncə BQR, sonra isə müdafiə naziri vəzifəsinə təyin olunacaq.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Vətən Müharibəsindəki fəaliyyəti nə qədər uğurlu alınsa da, bu iddiaların ortaya atıldığı vaxt Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalamalarından əvvəl Naxçıvan istiqamərində Rusiyaya məxsus helikopterin vurulması və Rusiyanın bu insidentlə bağlı təhqiqatı yekunlaşdırıb, hadisə barəsində cinayət işi açması haradasa, təzyiq kimi görünə bilər.
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Baş İdarə rəisi, general-leytenant Nizam Ramazan oğlu Osmanovun da adı BQR postuna gətiriləcək şəxslər arasında çəkilir. Bu iddianın reallığa çevrilmə ehtimalı aşağı olduğu üçün əlavə şərh verməyə ehtiyac yoxdur. Nizam Osmanov Müdafiə Nazirliyində döyüş hazırlığına cavabdeh şəxs idi. Müharibədən öncə döyüş hazırlığında birinci yer tutan Şəmkir korpusunun son döyüşlərdə özünü müsbət tərəfdən göstərə bilməməsi Nizam Osmanovun BQR-ə gedən yolunun bağlanması üçün yetərlidir.
Ordu sıralarında xidmət edən zabitlər tərəfindən ən çox arzu edilən şəxs isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Kamal oğlu Piriyevdir. Heydər Piriyevin adının bu siyahıda hallanmasına səbəb təkcə Birinci Qarabağ Müharibəsindəki fəaliyyəti və Vətən Müharibəsində gördüyü faydalı işlər deyil. Heydər Piriyev həm də Orduda nüfuzlu ağsaqqal kimi tanınır. Hərbçilərin bir çoxu iddia edir ki, onun BQR postuna gətirilməsi ilə daxili çəkişmələrə son qoyula bilər. Ümumiyyətlə, Heydər Piriyevin adı demək olar, heç bir intirqada hallanmayıb.
BQR postuna namizədlər sırasında yer alan generallar arasında adı ən çox hallananlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyevdir. Hikmət Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində və Vətən Müharibəsində aparılan çox mühüm əməliyyatların rəhbərlərindən biri olub. XTQ-nin uğurlu fəaliyyəti isə onu xalqın sevimlisinə çevirib. Məhz bu xidmətləri ona xalqın gözündə BQR postuna ən layiqli namizəd statusu qazandırıb. Lakin məsələ ondadır ki, Silahlı Qüvvələr XTQ deyil. Məhz bu səbəbdən də, Mirzəyevin BQR kimi necə fəaliyyət göstərəcəyi müəyyən suallar doğurur. Əgər Azərbaycan tam olaraq, peşəkar orduya keçərsə, şübhəsiz, bu vəzifəyə bir nömrəli naizəd Hikmət Mirzəyev olardı. Deyir, daş öz yerində ağırdır. Ancaq indiki şəraitdə Hikmət Mirzəyevin öz vəzifəsində qalması daha məqbul olardı. Hikmət Mirzəyev BQR postuna gətirilərsə, XTQ-da onun xələfini seçmək barəsində də düşünməli olacağıq.
BQR vəzifəsinə digər iki namizəd isə korpus komandirləri general-mayor Hikmət Hüseyn oğlu Həsənov və general-mayor Mais Şükür oğlu Bərxudarovdur. Hər iki generalın BQR postuna gətirilmə ehtimalı çox aşağı qiymətləndirilir.
Bu sırada sürpriz namizəd isə Daxili Qoşunlar Komandanının birinci müavini – Qərargah rəisi, general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur. Müdafiə naziri Zakir Həsənovun da tutduğu vəzifəyə Daxili Qoşunlardan gəlməsi bu versiyanın ciddiliyini artırır. Eyni zamanda, general-leytenant Talib Gürşad oğlu Məmmədovun da adı BQR postuna namizəd kimi hallanmaqdadır. Onun vaxtilə sabiq müdafiə naziri Səfər Əbiyev və Nəcməddin Sadıkovla yola getməməsi səbəbindən Ordudan uzaqlaşdırılması bu ehtimalı imkansız edir.
Əslində, adları çəkilənlərdən başqa sürpriz namizədlərin olacağı da gözləniləndir. Yeni BQR təyin ediləcək şəxsin qarşısında sadəcə, icra edəcəyi vəzifə yox, illərdir yığılıb qalmış problemləri həll etmək kimi ağır iş də durur. Həmin problemlər isə saymaqla bitməyəcək qədər çoxdur. Digər tərəfdən, Azərbaycan kimi ölkələr üçün BQR postu çox strateji məsələdir. Şübhə yoxdur ki, regionun əsas dövlətləri də bu təyinata öz ağırlıqlarını qoymağa cəhd göstərəcəklər.
Ancaq bütün hallarda BQR postuna yeni təyinat məsələsində istisnasız olaraq, Azərbaycan dövlətinin maraqlarının əsas götürüləcəyinin mübahisə mövzusuna çevrilməyəcəyinə inanırıq.
Səxavət Məmməd
www.yenicag.az