Azərbaycan dilində hazırda milliləşmə prosesi gedir. Qəti qərara gəlmişik ki, sözlər orfoqrafika lüğətində də orjinala uyğun formada yazılsın. Bu, ən doğru yoldur. Ona görə də “Karl” yox, “Çarlz” yazmalıyıq.
Bu sözləri AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Britaniyanın yeni kralının adının “III Çarlz”, yoxsa “III Karl” kimi yazılması haqda danışarkən deyib.
“Vaxtilə bizim dilimizdə “xokkey” kimi istifadə olunan söz hazırda “hokkey” kimi yazılır. Çünki orijinalı belədir. Bu qaydaları gələcəkdə də nəzərə almalıyıq. Əlbəttə, ənənəni saxlamaq lazımdır. Hər dəfə dəyişəndə insanlarda fikir qarışıqlığı meydan gəlir. Əgər bu ənənə pozulursa, biz də qəti qərara gəlmişiksə ki, orijinala uyğun yazaq, onda ingilis dilində necə yazılıbsa, elə qeyd etmək doğrudur. Gec-tez insanlar da buna alışacaq. Biz artıq orfoqrafika lüğətlərimizdə bu üsulu tətbiq edirik.
Əvvəllər “rus dili və rus dili vasitəsilə dilimizə keçən sözlər” deyə naqis bir ifadə vardı. Sovet dövründə rus dilindən Azərbaycan dilinə keçən sözlərlə bağlı dissertasiyalar yazılırdı. Ancaq burada qeyd olunan sözlərin əksəriyyəti rus dilindən yox, latın, ingilis, alman, fransızcadan keçmiş sözlər idi. Heç kim də sözlərin rus mənşəli, yoxsa rus dilinə keçən söz olduğuna fikir vermirdi”, – o bildirib.
Tarixən “Karl” (I Karl, II Karl) yazıldığını və hazırda “Çarlz” yazılmasının bu ənənəni pozacağı və anlaşılmazlıq yaradacağı haqda danışan N.Məmmədli qeyd edib ki, bu, növbəti dərsliklərdə və tarix kitablarının təkrar dərcində düzəldiləcək:
“30 il bundan qabaq lüğətimizə kənardan yeni sözlərin gəlməsi ehtimalı yox idi. Mənbələrimiz yalnız rus dili idi. Ancaq indi əcnəbi dillərdən bizə külli miqdarda yeni sözlər keçir. Artıq sözlər dilimizə birbaşa gəldiyinə görə onları orijinala uyğun, tələffüzü qorumaq şərtilə yazmalıyıq”.