Nə üçün normal danışa, fikrimizi tam şəkildə ifadə edə bilmirik? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Ölkədə ümumən nitq mədəniyyətinin aşağı olmasının bir sıra səbəbləri var. Bu, təhsillə, yetişdiyimiz mühitlə, fərdi xüsusiyyətlə və s. bağlıdır.

Bunu AzerTimes-a açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.

O bildirib ki, amma bunların hamısında problemləri aradan qaldırmaq üçün yollar var:

“Nitqin inkişafı ilk növbədə orta məktəb təhsili ilə bağlıdır. Söhbət təkcə azərbaycan dili, ədəbiyyat dərslərindən getmir. Ümumiyyətlə şagirdin özünü ifadə etməsi üçün indi müasir dərsliklərdə çox sayda metodlar var və onlar tətbiq olunur. Mən hərdən həmin dərslikləri vərəqləyirəm və çox xoşuma gəlir. Məsələn, tapşırıq verilir ki, filan mövzuda hekayə danışın, müəyyən sözlərdən istifadə etməklə hekayəni sistemləşdirir. Həmçinin yuxarı siniflərdə nitq mədəniyyəti ilə bağlı konkret tapşırıqlar qeyd olunur. Bunlar müsbət meyllərdir. Amma müəllim, ailə və ya yeniyetmənin yetişdiyi mühit ona nə dərəcədə danışmaq fürsəti verir?! Bax bu, önəmlidir. Bu gün fərdi qapanmalar da var. Kollektiv ünsiyyət azaldıqca, nitqin tətbiqi də, danışıq da az kara gəlir. Yazışmalar, sosial şəbəkələr, telefon mesajları əsasən yazıya güc verir. Hərçənd bizdə yazı sahəsində də ciddi problemlər var. Söhbət təkcə orfoqrafiyanı bilməməkdən, sözləri yanlış yazmaqdan getmir, məsələ ümumən yazı mədəniyyətinin aşağı olmasıdır”.


Ekspert əlavə edib ki, ümumilikdə nitq mədəniyyətinin formalaşması təfəkkür səviyyəsi, sosial psixoloji aspektlər və əlbəttə ki, xüsusi təlim və məşqlərin olmasından asılıdır:

“Biz bu üç məsləni həll edə bilsək, gənclərdə, yeniyetmələrdə nitqin necə inkişaf etdiyini görə bilərik. Bunlar olmasa, çətin olacaq. Bu məsələdə valideynlər də övladlarına diqqət yetirməlidirlər. Müəllimlərin işi çox ağırdır. İndi daha da ağırlaşıb. Amma ümumiyyətlə sosial-ictimai mühitdə televiziyaların, filmlərin rolu var. Eyni zamanda şəxsi mütaliə, söz bazasını zənginləşdirmək üçün oxumaq, şifahi nitqi çox işlətmək də böyük əhəmiyyət kəsb edir. Ali məktəblərdə əvvəllər nitq mədəniyyəti fənni tədris olunurdu. İndi də davam etdirilir, lakin bunu inkişaf etdirmək lazımdır. Televiziyalarda, radiolarda nitq mədəniyyəti dərslərinin təşkilini vacib hesab edirəm. Məktəblərdə diskusiya klublarda nitq mədəniyyətinin artırılmasına diqqət yetirmək lazımdır”.

Twitter:@cingizsafarli

Teqlər: