Nə üçün COVİD-19 əleyhinə 3-cü doza vaksin vacibdir? – ARAŞDIRMA

Xəbər - Çingiz Səfərli – Trend:

Havaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması immun sistemimizin zəifləməsinə gətirib çıxarır. Bu, koronavirusa qarşı immun sisteminin müqavimətini gücləndirməyi zəruri edir.

AzerTimes-ın məlumatına görə, Azərbaycanda oktyabrın 5-nə qədər olan məlumata görə, 8,7 milyondan çox insan COVİD-19 əleyhinə vaksinasiya olunub. Onlardan 4,8 milyondan çoxu vaksinin birinci dozasını, 3,9 milyondan çoxu isə hər iki dozanı qəbul edib. Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında da bildirilib ki, Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.

Mütəxəssislər hesab edir ki, havaların soyuq keçməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Həmçinin koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılması zəruri edir. Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasınıbn qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.

Üçüncü doza vaksinin nə qədər önəmli olduğunu göstərən faktlardan biri də İsraildə baş verənlər oldu. İsrail əhalisinin 50%-dən çoxu tam vaksinləndiyindən karantin tələbləri yumşaldıldı. İyulda qeydə alınan ilk delta variantı bir ayın içərisində infeksiya sayını 4 rəqəmli ədədə çevirdi, daha sonra isə say 10 minə çatdı.

Bunlar onu göstərir ki, COVID-19 əleyhinə tam effektiv vasitə tapılana qədər mütəmadi peyvəndlənmə yeganə çıxış yoludur. Yoluxmanın bu ölçüdə artması İsrail hökumətini 3-cü (buster) doza vaksinlərin vurulmasına istiqamətləndirdi. Hazırda 3-cü mərhələ vaksinasiyanın köməyi ilə İsraildə pandemiya şəraiti yenidən nəzarət altına alınıb.

2021-ci ilin İyul-Avqust aylarında İsraildə 1 milyon 114 min insan arasında tədqiqat aparılıb. Aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, gücləndirici (buster) doza infeksiyanın yayılma riskini 11,4 dəfə azaldır, həmçinin xəstəliyin ağır keçməsinin qarşısını 10 dəfədən çox alır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. “Pfizer” şirkətinin apardığı tədqiqatlara görə, vaksinin effektivliyi ikinci dozadan 6-8 ay sonra zəifləyir və xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Gücləndirici doza isə immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır.

Peyvəndin gücləndirici dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.


Böyük Britaniya rəsmiləri 2021-ci il sentyabrın 14-də bütün həssas əhali qruplarının, “önxətt”də çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər.

Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.

3-cü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupunu daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur.

Bundan əlavə Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiya start verilib.

Bu gün Azərbaycanda da üçüncü dozanın qəbul edilməsi üçün kifayət qədər vaksin ehtiyatı var. Yeni dalğaların yayılması fonunda yoluxmaların və ölənlərin sayının artması da dünyanın ağuşuna alan bəlaya qarşı daha ciddi tədbirlər görməli olduğumuzdan xəbər verir. Ölkədə üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Qeyd edək ki, hazırda ölkədə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar “Pfizer”, “AstraZeneca”, “Sinovac” və “Sputnik V” vaksinləridir.

Twitter: @cingizsafarli

Teqlər: