Alfonso Dominqes – Azərbaycanı təmsil edən əcnəbi muzdlu ötən gün bizə necə nifrət etdiyini bir daha göstərdi.
Əslində, finala vəsiqə qazananda paylaşdığı statusunda Azərbaycana münasibətini nümayiş etdirmişdi. Yazmışdı ki: “Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm. Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qarşıladılar və Olimpiadada çıxış etməyə şans yaratdılar”.
Diqqət edirsinizmi? Hələ bu, Azərbaycana xüsusi “sayğı” bildirən mesaj idi: “Burada ölkəmi, ailəmi, övladlarımı… təmsil edirəm”.
Azərbaycan xalqını təmsil etdiyini sonda yazır! Sən öz ölkənimi təmsil edirdin?
Bunun cavabı olmadığı üçün finalda uduzandan və bir qədər ictimai tənqid eşidəndən sonra “sevgi dolu” statusundakı gizli, sətiraltı ifadələri birbaşa xalqımızın üzərinə, bu dəfə açıq şəkildə püskürdü: “Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə. Tamam, tamam, tamam…”
Bir dəfə də “Azərbaycanı sevirəm” sözündən istifadə etmir bu adam, bu muzdlu…
Dominqes, sən Azərbaycanı bizdən “qat-qat” çox təmsil etmirsən, sən yüksək, bizim doğma idmançıların ağlına belə gəlməyən səviyyədə pul qarşılığında tutulmuş muzdlusan; çoxlu pul alıb, Azərbaycan bayrağı altında çıxış etməyə razı olmusan, göstərdiyin nəticələrə görə isə Azərbaycan dövləti sənə daha çox pul verir.
Sən Bayrağımızı qaldırmaq üçün vuruşmursan, daha çox pul və ad üçün yarışırsan!
Sən hansısa səbəbdən bu ölkəni haradasa təmsil edə bilərsən, ancaq sənin həddin deyil bu ölkə, bu xalq, bu millət üçün canını qurban verən yüzmilyonlar, milyonlarla gəncə meydan oxuyasan! Bu ölkənin gəncləri öz Vətənlərini yağı işğalından azad etmək üçün canlarından keçiblər; bu ölkənin gəncləri müharibə başlayan gün savaşa, Vətəni qorumağa, özünü qurban verməyə, şəhid olmağa getmək üçün hərbi komissarlıqların qapılarını qırırdılar, gecə-gündüz komissarlıqların önündə yatırdılar.
Dünyada elə bir xalq tanımıram ki, müharibə başlayan kimi qısa müddətdə 150 min gənc savaşa getmək üçün Müdafiə Nazirliyi ilə “savaşa” qalxsın – cəmi 10 milyonluq əhalinin içərisindən 150 mindən çox gənc…
Bu, bilirsən nə deməkdir?
Bilmirsən, Alfonso, qanmırsan, çünki sənin qafan bu şeyləri qanmaq üçün deyil!
Sən hücum bir an da olsun ləngiməsin, Ordumuzun hərəkəti dayanmasın deyə, mina üstünə qəsdən çıxmaq, qəsdən özünü qurban verməyin nə demək olduğunu anlamazsan!
Sən hardan biləsən ki, alpinistlərin minbir dəmir-dümür və iplə qalxmağa çətinlik çəkdiyi sıldırım qayaya çiynində əsgər yoldaşının nəşi, əlində 20 kq-lıq PK ilə dırmaşmaq ruhu nə deməkdir!
Sən bu cür Vətən sevgisini qanmazsan! Qansan, “ölkəniz üçün nə etmisiniz” deyə bir sual verməzdin Azərbaycan gəncliyinə!
Bu ölkə üçün canını verənlər, verməyə amadə olanlar heç vaxt ödül istəməyib, adını başda yazdırmayıb, iddialı olmayıb, ev tələb etməyib. Onlar sadəcə bu Vətəni seviblər və sevirlər. Yenə də ehtiyac və tələb olsa, anında, bir saniyə belə düşünmədən özlərini fəda etməyə hazır yüzminlərlə “adsız”, adının hallanmasını istəməyən, gözə və digər yerlərə girməyən, qürurlu, məğrur, amma kasıb gənclər saysız-hesabsızdır!
Sən isə sadəcə, muzdlusan, pul qarşılığında rinqə çıxan döyüşçüsən – vəssalam!
Öz millətini, dövlətini, ailəni və balalarını sevdiyinə şübhə etmirəm – yəqin ki, elə öz balalarının gələcəyi üçün bizim verdiyimiz pula şirniklənib, bizim bayraq altında yumruq atmağa razı olmusan. Bu, sənin Azərbaycanı təmsil etməyin anlamına gəlmir – sən pulu təmsil edirsən, para qazanırsan, bu qədər bəsit!
İndi isə sənə pul verib, şöhrət qazandıran xalqa və dövlətə kinini ifadə etdin!
Muzdlu ilə Vətəni qorumaq mümkün olmadığı kimi, muzdlu ilə Olimpiada və yaxud çempionatlarda qələbə qazanmaq da mümkün deyil – olsa da, keçicidir, müvəqqətidir.
Səni bu xalqın yüzminlərlə gəncinə meydan oxumaq dərəcəsində qudurdan məşqçindən, Boks Federasiyasından cavab gözləyirəm…