Nazirlikdən COVİD-19-la bağlı növbəti xəbərdarlıq

Nazirlikdən COVİD-19-la bağlı növbəti xəbərdarlıq

Təəssüf ki, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib.

AzerTimes xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

Onun sözlərinə görə, əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır:

“Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən “uzunmüddətli kovid” adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb.

“Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir. Vətəndaşlarımıza tövsiyə etmək istərdim ki, diqqətli olsunlar. Unutmayaq, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir. Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik” – Q.Haqverdiyev əlavə edib.

İSİM direktoru yoluxma hallarının artmasının səbəblərini də açıqlayıb. O qeyd edib ki, mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar:

“Omikron” indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı”.

Teqlər: