Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisinin bağlanması qərarını təbii qarşılayır.
AzerTimes xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev BVF-nin cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib. Belə ki, 1992-ci ildən BVF-yə üzv qəbul olunan Azərbaycan 1993-2001-ci illərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nun ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.
Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.
“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyatlarının formalaşdırılması nəzərə alınaraq, 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub. Müvafiq olaraq, bu müddət ərzində BVF öz Bakı ofisini kiçildib və faktiki olaraq bir nəfər əlaqələndirici şəxslə təmsil olunurdu. Maliyyə Nazirliyi də hesab edir ki, Fondun yerli ofisinin bağlanması məntiqli addımdır və bir növ ölkəmizin maliyyə dayanıqlığı baxımından başqa – daha yüksək çəki kateqoriyasına irəliləməsinin və iqtisadi reytinqinin artmasının göstəricisi sayıla bilər”, – deyə M.Piriyev qeyd edib.
Maliyyə Nazirliyinə ünvanlanan məktubda Fond özü də bu qərarını məhz Azərbaycanın hazırda dayanıqlı iqtisadiyyata və böyükhəcmli maliyyə ehtiyatlarına malik olması imkanları prizmasından baxaraq, ölkəmizlə gələcəkdə proqram xarakterli əməkdaşlığa və ofisin fəaliyyətinə ehtiyacın qalmaması ilə izah edib.
Bakıda Fondun yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edən M.Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş BVF-nun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan Respublikası tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycan Respublikasının bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.