Nazirlik şərtləri açıqladı – Bəs Təhsil tələbə kreditləri nə qədər əlçatandır?

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Bəs təklif olunan təhsil tələbə kreditləri nə qədər əlçatandır?

AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda dünyanın 61 ölkəsində tələbə təhsil kreditləri verilir. Amma ən çətin şərtlər və prosedur qaydaları Azərbaycandadır. Demək olar heç bir güzəşt yoxdur və onu almaq əlçatan deyil.

“Kreditin verilməsi şərtlərində bir-neçə ciddi nöqsanı qeyd edim. Əvvəla tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə müraciət etmək lazımdır. Bunun üçün isə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin natarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir. Həmçini şərtə görə www.e-ttkf.edu.az portalında müraciət etmək üçün natarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələr qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?”, – deyə ekspert qeyd edib.

Ekspert vurğulayıb ki, kreditlərin verilməsi üçün qoyulan minimal bal tələbi də əksər tələbələri bu imkandan məhrum edir.

“Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı elə dövlət sifarişi olan ixtisalara qəbul olardılar, yəni 300-dən aşağı balaı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar.

Kamran Əsədov təklif edilən kredit faizlərinin də hədsiz dərəcədə yüksək olduğunu bildirib.

“Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit göstürülməsi üçün müraciətləri azaldacaq.

Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələr müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı?

Həmçinin tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki bu tələbələr yüksək elmi potensiala malik olsaydılar ödənişli əsaslarla təhsil almazdılar”.

Ekspert dünya təcrübəsində bu kreditlərin verilməsinə dair misallar da çəkib.

“Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir,” – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə mövcud şərtlərlə verilən tələbə kreditləri ölkə konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.

Teqlər: