Nazirlik görüntü yaradır, ona görə bahalıqdır

Nazirlik görüntü yaradır, ona görə bahalıqdır

Kənd Təsərrüfatı Nazirliyi yarmarkanı görüntü yaratmaq üçün təşkil edir.

Bu sözləri AzerTimes-a açıqlamasında yarmarkalardakı məhsulların bahalığı haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, nazirlik bununla hesabat verir ki, biz yarmarkaları təşkil etdik, yarmarkalarda qiymətlər daha ucuzdur:

“Onların məqsədi sadəcə iş görüntüsü yaratmaqdır. Əslində, o yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil etməli deyil. Yarmarkanı Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil etməlidir. Onlar marağında olmalıdırlar ki, şəhər sakinləri nisbətən ucuz qiymətə məhsul əldə edə bilsinlər”.

Mütəxəssis, həmçinin, onu da bildirib ki, yarmarkalar yalnız şənbə-bazar və bayram günlərində deyil, davamlı olmalıdır:

“Davamlı olan zaman ticarət obyektlərinin sayı artır, belə halda isə rəqabət güclü olur. Bazarda ticarətlə məşğul olan bəzi işbazlar yarmarkaya alıcıları aldatmaq üçün gəlirlər. Onlar fürsətdən istifadə edib bazarda sata bilmədikləri aşağı keyfiyyətli malı yarmarkada yüksək qiymətə satırlar. Bir sözlə, yarmarkaya çıxarılan məhsulun keyfiyyəti aşağı, qiyməti isə yüksək olur. Əgər şəhərlərdə yarmarkaların sayı artsa və davamlı olsa, belə manipulyasiyalar da mümkün olmaz”.

İqtisadçı yarmarkada satış edənlərin “xərcsiz” olmadığını da bildirib:

“O yarmarkaya məhsul çıxardanlar ödəniş edirlər – giriş haqqı, zibilin daşınması; hətta Kənd Təsərrüfatı Nazirliyinin bəzi işciləri oradan pulsuz bazarlıq edirlər. Nəticədə isə onların götürdüyü məhsulun da pulu qiymətin üzərinə əlavə olunur. Heç də onların dediyi kimi deyil ki, guya pulsuz maşın təşkil olunur, ödəniş tələb olunmur. Əgər bu, ödənişsiz olsa idi, ora mal çıxaranların sayı hədsiz çox olardı və qiymətlər də ucuzlaşardı. Sadəcə xərcləri çox olduğu üçün məcbur qalıb məhsulu bazar qiymətinə satırlar”.

Teqlər: