Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində sabah keçirəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib. Görünür, Alen Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu kimi açıqlamalar ortamı yumşaltmayacaq:
“Real addımlara ehtiyac var. Baş nazir Nikol Paşinyan partiyasının deputatları ilə keçirdiyi qapalı toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen görüşündə nəticə əldə edilmədiyini bildirib. Əslində Münhen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmağa hədəflənmişdi. Ancaq Paşinyanın Münhendən dərhal sonra Parisə çağırılması və Fransadan alacağı yeni hərbi texnika, üstəgəl sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi. Bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının Almaniyada görüşü 28-29 fevral tarixlərində olacaq. Ceyhun Bayramov artıq Almaniyaya yola düşüb.