Nazirlər niyə Münhendə görüşür və nə gözlənilir?

Nazirlər niyə Münhendə görüşür və nə gözlənilir?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah (28-29 fevral) Berlində görüşəcək: müzakirələr Münhendə Əliyev və Paşinyanın sülh sazişi üzrə danışıqların davam etdirilməsi, eləcə də sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı XİN rəhbərlərinə verdiyi tapşırığa uyğun aparılır.

Nazirlərin ikitərəfli formatda görüşü sərhəddə keçirməsi, yaxud ən azı sülh sazişi ətrafında böyük ambisiyaları olmayan Gürcüstanda bir araya gəlməsi nəticə əldə etmək baxımından daha effektli olardı, nəinki bölgədə maraq mübarizəsi aparan iki cəbhədən birində. Görüşün Berlində keçirilməsi Münhen razılaşmasının davamıdır və belə görünür ki, Avropanın danışıqlarda iştirakı Almaniyaya həvalə olunur. Hərçənd, nəticə əldə edilməsi, yaxud mümkün razılaşmaların praktiki mərhələdə işləyəcəyi sual altından çıxmayıb.

– Ermənistan bu görüşdə Qərb platformasının ön plana çıxması və gündəliyinin qəbul edilməsi, yaxud ən azı Bakının tələbləri qarşısında müəyyən dəstək əldə etmək üçün maraqlıdır;

– Azərbaycan danışıqların ikitərəfli formatda davam etdirilməsini istəsə də, Qərb platformasında iki səbəb görə iştirak edir:

1. Qərb platformasından davamlı şəkildə imtina etmək təzyiqlərin edilməsinə və Avropada Ermənistanın mövqeyinin güclənməsinə şərait yarada bilər;

2. AB-nin vasitəçiliyində Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə etməklə balans yaratmağa çalışır.

Lakin bu görüşə getmək Bakının gündəliyinə hansısa dəyişiklik etməsi demək deyil. Əliyev də Xocalıda bəyan etdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu baxımdan, Münhen razılaşmasına əsasən nazirlərin Berlində bir araya gəlməsinin sülh prosesində köklü irəliləyişə zəmin yaradacağı ehtimalı azdır.

Teqlər: