Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil
olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında
istifadə olunan malların ölkə ərazisindən aparılmasının
tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar verib.
Qərarda qeyd olunur ki, iqlim dəyişiklikləri və son dövrlər baş
verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq
mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu
ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində
problemlər yaranır. Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, baş verən
proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları
ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi
təsirlərinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti
müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə
olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan
ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə
təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata
keçirilməsini müəyyən edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Rus
İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov Trend-ə bildirib ki,
faktiki olaraq bütün ölkələr öz daxili bazarlarının müdafiəsi ilə
bağlı proteksionist tədbirlər görür.
“Ona görə hesab edirəm ki, Nazirlər Kabinetinin məhsul və
kapitalın hərəkətinin məhdudlaşdırılması barədə qərarı uyğun
qərardır. İlk növbədə, problemlər şəraitində daxili bazarların
müdafiəsi və dəstəklənməsi barədə düşünmək lazımdır və biz görürük
ki, analoji qərarlar digər ölkələrdə də qəbul edilir. Fikrimcə,
daxili ərzaq təhlükəsizliyi, sakitlik, sabitlik və dayanıqlılığın
təmin olunması üçün səmərəli idxal əvəzləmə siyasətini həyata
keçirmək lazımdır. Eyni zamanda, bu siyasət daxili istehsala
investisiyaları artırmaq və daxili istehsal hesabına yerli istehlak
bazarını təmin etmək üçün məhsul və kapital ixracı üzrə müvafiq
məhdudiyyət tədbirləri ilə tamamlanmalıdır”, – deyə o bildirib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə də vurğulayıb
ki, məhdudlaşıdırıcı tədbirləri təkcə Azərbaycan deyil, həm də bir
sıra digər ölkələr tətbiq edir.
“Dünya iqtisadiyyatında təkcə koronavirus pandemiyası ilə deyil,
həm də Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar yaranan
böhran şəraitində Nazirlər Kabinetinin bu addımları haqlıdır. Bu
gün müxtəlif ölkələr tərəfindən qida məhsulları, ilkin tələbat və
əsas ərzaq məhsullarının təchiz olunması baxımından mühüm risklər
mövcuddur. Azərbaycan, ilk növbədə, öz əhalisinin maraqlarını
düşünməyə çalışır. Digər tərəfdən, biz dövlətimiz tərəfindən
müxtəlif ölkələrin bazarlarından ərzaq məhsullarının kütləvi satın
alınmasını müşahidə edirik. Xatırladım ki, hələ yanvarda ölkəmiz
taxıl satın alınmasını bir neçə dəfə artırıb, ona görə də yerli
bazarda ajiotaj üçün səbəb yoxdur, belə ki, ərzaq tədarükü zənciri
ilə bağlı problem müşahidə olunmur və bu istiqamətdə addımlar
çoxdan atılır”, – ekspert deyib.
O xatırladıb ki, daxili bazarın ərzaq məhsulları ilə maksimum
təmin olunması üçün bu cür addımlar Azərbaycanda hələ ötən il
atılıb.
“Qeyd etmək lazımdır ki, son zamanlarda daxili istehsala mühüm
diqqət verilir. Bunun üçün səmərəli tədbirlər görülür, xüsusən,
ötən aylarda Azərbaycan kifayət qədər damazlıq mal-qara alıb, ərzaq
buğdası ehtiyatları kifayət qədər yaxşı səviyyədədir və toxum fondu
kifayət qədər təmin olunub. Həmçinin yeni kənd təsərrüfatı
torpaqları dövriyyəyə buraxılır, xüsusilə də, azad edilmiş
ərazilərdə suvarma kanallarının tikintisi və modernləşdirilməsi
üzrə proseslər fəal şəkildə reallaşdırılır. Azad edilmiş ərazilərdə
şirin su ehtiyatı ümumi həcmin 25 faizini təşkil edir və bu
ehtiyatların kənd təsərrüfatı sistemlərinə yönləndirilməsi Qarabağ
iqtisadi regionunda yetişdirilən bitkilərin məhsuldarlığını
artırmağa imkan verəcək”, – İ.Vəlizadə deyib.
İqtisadçı Əhliman Abbasovun sözlərinə görə, Nazirlər Kabinetinin
qəbul etdiyi qərar daxili bazarda qıtlığın və ya qiymət artımının
qarşısınn alınmasına yönəlib.
“Qeyd edim ki, Azərbaycanın vacib ticarət tərəfdaşlarından biri
Ukraynadır. Pandemiyaya qədər Azərbaycan bu ölkədən 450 milyon
dollardan çox məhsul idxal edirdi. İdxalın təxminən 17 faizini ət
və süd məhsulları təşkil edirdi. Bu idxalın reallaşdırılmasının
çətinliyi, əlbəttə, Azərbaycan bazarında qiymətlərə təsir edə
bilər. Bu baxımdan, Nazirlər Kabinetinin qərarını yerli bazarda
qiymət artımı prosesini dayandırmaq və qıtlığın qarşısını almaq
cəhdi kimi qiymətləndirmək olar”, – Ə.Abbasov deyib.
Qeyd edək ki, Minimum istehlak səbətinin tərkibinə daxil olan
bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə
olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair
tədbirlər haqqında” Qərar 2022-ci il dekabrın 31-dək
qüvvədədir.
(Tərcümə: Orxan Nəbiyev)