Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib

Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar qəbul edib.

AzerTimes xəbər verir ki, sözügedən Qərara əsasən COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılır və şəxsin müraciəti əsasında E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (bundan sonra – Portal) üzərindən əldə olunur. COVID Sertifikatı müraciət edən şəxs barəsində Portala daxil edilmiş və ya avtomatik şəkildə generasiya olunan fərdi və COVID-19 xəstəliyi ilə bağlı şəxsin sağlamlığının vəziyyəti barədə məlumatlar əsasında formalaşdırılır.

COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:

  • COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;
  • COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə – 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda – müddətsiz;
  • peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;
  • neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).
  • Xarici COVID sertifikatlarının etibarlılıq müddəti xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə isə bu Qaydaya uyğun olaraq müəyyən edilir.
  • COVID sertifikatlarının tanınmasının məqsədi Azərbaycan Respublikasının vətəndaşlarının, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, ölkəmizdə daimi və müvəqqəti yaşayan, Azərbaycan Respublikasında qaçqın statusu almış, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sərbəst şəkildə ölkəyə girişinin, ölkədən çıxışının və tranzit səyahət etmələrinin təmin olunmasıdır.
  • COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda tanınması və xarici sertifikatların Azərbaycan Respublikasında tanınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi beynəlxalq təcrübədə mövcud olan razılaşmaların şərtləri nəzərə alınmaqla və texniki cəhətdən mümkün olduğu təqdirdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini proqram təminatı ilə təmin edir və aidiyyəti informasiya sistemləri ilə inteqrasiya əsasında zəruri məlumatları ötürür.
Teqlər: