Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayevlə bağlı olduqca maraqlı bir məlumat yayıldı. Məlumatda bildirilir ki, xaricdə təhsil alan zaman ona Varşava Texnologiya Universitetinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri professor Nəbi İbadov həm maddi, həm də mənəvi dəstək olub. İllər sonra isə E.Əmrullayev N.İbadovu axtarıb, tapıb.
AzerTimes xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, yayılan məlumatda bəzi qeyri-dəqiqliklər var. Belə ki, Emin Əmrullayev Varşava deyil, Macarıstanda təhsil alıb.
Eyni zamanda Nəbi İbadovun təhsil nazirinə maddi və mənəvi dəstək olmadığı məlum olub.
Əldə etdiyimiz başqa bir məlumatda deyilir ki, əslində, Nəbi İbadovla Emin Əmrullayevin tanışlıq tarixçəsi tamam fərqli məkanda, fərqli şəraitdə baş verib. Daha dəqiq desək, onlar təyyarədə tanış olublar. Belə ki, nazir tələbəlik illərində xaricə səfər edərkən bu tanışlıq baş tutub. Bundan sonra isə onlar Bakı və Varşavada görüşüblər.
Əmrullayevlə İbadovun sonuncu görüşdən sonra əlaqəsi tamamilə kəsilib. 2015-ci ildə Emin Əmrullayev email ünvanına baxan zaman professor İbadovun elektron poçt ünvanını görüb və ona yazıb. Beləliklə, onlar həmin ildən bu vaxta kimi bayramlarda, özəl günlərdə bir-birlərini təbrik edirlər.