Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib.
AzerTimes xəbər verir ki, nazir bunu Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında deyib.
Vilayət Eyvazov onlara saxlanılan şəxslərə qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.