Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında 2024-cü il 21-27 aprel tarixlərində “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Sənədə görə, Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.
Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.