Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
AzerTimes xəbər verir ki, bu barədə iyulun 29-da Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirədə bildirilib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçuların peşəkarlığının, praktiki vərdişlərinin və bölmələrin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının mütəmadi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.