Çin parlamentinin ölkənin xarici işlər naziri Qin Qanqı vəzifəsindən azad etməsi dünya mətbuatının ən çox işıqlandırdığı mövzulardandır. Vanq Yi Çinin yeni xarici işlər naziri təyin edilib. O, 2022-ci ilin dekabr ayına qədər xarici işlər naziri olub. Vanq Yinin yenidən xarici işlər naziri təyin olunması qərarı tələsik verilib. Görünür, Qin Qanqın yerinə kimin xarici işlər nazir təyin olunacağına düşünməyə zaman olmayıb. Ona görə də hələlik, keçmiş naziri əvvəlki vəzifəsinə qaytarıblar.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Şahinoğlu bildirib ki, Qin Qanq son bir ay ərzində ictimaiyyət qarşısına çıxmayıb:
“Çin Xarici İşlər Nazirliyi onun harada olması və səhhəti ilə bağlı açıqlama verməyib. Qərb mediası nazirin Çin telekanallarından birinin jurnalisti ilə nikahdankənar münasibət qurduğunu və buna görə ictimai sahədən yoxa çıxdığını bildirib. “Faynənşl Tayms” dərgisinin yazdığına görə, Qin Qanq sonuncu dəfə 25 iyunda görülüb.
Qin Qanq 11 iyulda ASEAN ölkələrinin İndoneziyada keçirilən toplantısında iştirak etməyib. Pekin 57 yaşlı nazirin yoxluğunu onun səhhətindəki “problemlə” izah edib. Qin Qanqı həmin toplantıda yenidən xarici işlər naziri vəzifəsinə gətirilən Vanq Yi əvəz etmişdi. İndi aydın olur ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrellin iyulun 10-da Pekinə səfəri niyə təxirə salınıb. Çünki Borrell Pekində yoxa çıxan nazirlə görüşə bilməyəcək və bu əlavə suallar doğuracaqdı”.
Politoloq qeyd edib ki, Çində yüksək vəzifəli məmurları adətən ya yaşına, ya da korrupsiya şübhəsinə görə işlərindən uzaqlaşdırırlar:
“Bu dəfə səbəb fərqli olub. Çində yüksək çinli məmurları vəzifəsindən uzaqlaşdıranda adətən bir müddət bu haqda məlumat verilmir. İnterpolun keçmiş rəhbəri Men Xunvey də oxşar aqibətlə üzləşmişdi. İnterpol şefi Men Xunvey 2018-ci ilin sentyabrında Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi o yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Men Xunvey korrupsiya şübhəsi ilə həbs olunmuşdu. Məsələ burasındadır ki, Xunvey İnterpola rəhbərlik etməklə yanaşı, Çinin İctimai Təhlükəsizlik Nazirliyində müavin postunu da tuturdu. Men Xunvey 2 milyon dollar rüşvət almaq ittihamı ilə 13 il həbsə məhkum olunub. Men Xunvey hələ yaxşı qurtarıb, Çində böyük məbləğdə rüşvətə görə güllələnməyə də məhkum edirlər”.