Nazir tütünçülüklə bağlı onlayn müşavirə keçirib (FOTO)

Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülük-2022: qarşıda duran
vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

AzerTimes xəbər verir ki, nazir
İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı
Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı ASC-nin məsul şəxsləri, Azərbaycan Tütün İstehsalçıları
və İxracatçıları Assosiasiyasının üzvləri, tütün emalı və istehsalı
müəssisələrinin rəhbərləri, tütünçülüklə məşğul olan fermerlər
iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Kənd Təsərrüfatı Naziri İnam
Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet
istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, həyata
keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam
edir.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük
potensiala malik olduğunu xatırladan nazir bu sahənin inkişaf
etdirilməsinin zəruri olduğunu vurğulayıb: “Aidiyyatı qurumlar
tərəfindən təşkilati işlər həyata keçirilir. Hər il tütünçülüyün
inkişafı ilə bağlı tədbirlər planı hazırlanır, bu sahədə toxum,
gübrə, pestisid, texnika təminatı ilə bağlı zəruri tədbirlər
görülür, fermerlərlə müqavilələrin bağlanması üzrə işlər həyata
keçirilir. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün
dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir,
bu sahənin inkişafı üçün subsidiyalar verilir. Bildiyiniz kimi, bu
ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği
artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu,
fermerlərimizi əlavə sənəd yükündən azad edəcək, fermerlər təhvil
verdikləri məhsula görə subsidiya alacaqlar”.

Tədbirdə Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində
görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal
müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün
qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Bu il tütün
istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün
inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçıları
məlumatlandırılıb. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki
tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin vacib olduğu
vurğulanıb.
Tədbirdə çıxış edən tütün emalı və istehsalı müəssisələrinin
nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər ölkədə tütün
istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə
bağlı fikirlərini bölüşüblər.

Müşavirədə tütünçülüklə bağlı 2022-ci il üçün tədbirlər planı
müzakirə edilib, mineral gübrələr, toxum və texnika ilə təminat,
suvarma məsələləri, subsidiyaların verilməsi, tədarükçülərin
öhdəliklərini yerinə yetirmə səviyyəsi, tədarük məntəqələri və
qurutma kameralarının vəziyyəti, tütünçülüyün inkişafı və qarşıda
duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin
təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi,
qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə
fermerlərin məlumatlandırılacağı bildirilib.

Teqlər: