“Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda növbəti
görüş Gəncədə keçirilib.
Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə
Hallar və Kənd Təsərrüfatı Nazirliklərinin nazir müavinlərinin,
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmilərinin və icra
hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sahibkarlar və
fermerlərlə keçirilən görüşdə insan ehtiyatsızlığı və digər
səbəblərdən yaranan meşə yanğınları və onların qarşısının alınması
istiqamətində görülməli olan tədbirlər barədə maarifləndirici
məlumatlar verilib.
Görüşdə çıxış edən ETSN-in nazir müavini Firdovsi Əliyev qeyd
edib ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və
yaşıllıq ərazilərdə yanğın təhlükəsi daha da artır.
“Yanğın hadisələrinin qarşısını almaq üçün kənd təsərrüfatı ilə
məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd
sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları
odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi
əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, təbiətdə olarkən
odla ehtiyatlı olmağa, yanğına şərait yaradan bütün hallara qarşı
birgə mübarizəyə çağırırıq”.
FHN-in nazir müavini Etibar Mirzəyev də fermerlər və
sahibkarlara yanğınların baş verməməsi üçün görüləcək tədbirlər
haqqında məlumat verib, biçin mövsümündə diqqətli olmaları,
təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini
yandırmamaları üçün tövsiyələr verib.
Nazir müavini yanğın hallarının baş verməməsi üçün
maarifləndirmə işlərinin ölkənin müxtəlif bölgələrində davam
etdirildiyini də vurğulayıb.
Görüşdə tədbir iştirakçılarına yanğın hallarının baş verməməsi
üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri,
biçindən sonra sahələrə od vurmamaları, təbiətdə olarkən odla
ehtiyatlı davranmaları bildirilib.