Nazir Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb.
Bu barədə AzerTimes-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Nazir son dövrlərdə Azərbaycan və Litva arasında ali və yüksək səviyyəli qarşılıqlı təmasların və səfərlərin artmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, cari ilin may ayında Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsinin bir sıra sahələr, o cümlədən iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı perspektivlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub.
C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəf məlumatlandırıb. Ermənistanın beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara zidd olaraq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını, mina təhdidini davam etdirməsinin sülh gündəliyinin irəli aparılmasına ən böyük hədə olduğunu bildirib.
Cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə “humanitar yük” adı altında konvoylar göndərməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndriməyə hesablanmış növbəti təxribat olduğu diqqətə çatdırılıb. Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən “Ağdam-Xankəndi” yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığını göstərdiyi vurğulanıb.
E.Navikas səmimi qəbula görə C.Bayramova təşəkkür edib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətin COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunmasının məmnunluq doğurduğu bildirilib. Xüsusilə, iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadiyyat, energetika, nəqliyyat və bağlantılar sahələrində də əlaqələrin inkişafına təkan verməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.