Nazir könüllülərə “Müharibə veteranı” statusunun verilməməsi ilə bağlı iddialara aydınlıq gətirib

Xəbər - Elçin Mehdiyev – Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük
müharibədə könüllü iştirak edən bir sıra şəxslərə “Müharibə
veteranı” statusunun verilməməsi ilə bağlı sosial şəbəkələrdə yer
alan iddialara aydınlıq gətirib.

AzerTimes-ın məlumatına görə,
nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı
könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur.

“Müharibə iştirakçısının konkret kateqoriyaları var. Bu da
normativ hüquqi aktlarla təsbit edilib”, – deyə nazir bildirib.

O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu
müəyyən edən orqan xidmət keçdiyi və ya işlədiyi qurumdur.

“Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim
olunub. Ona görə də, həmin qurumlar qanunvericilikdə olan
kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”, – deyə nazir əlavə
edib.

Teqlər: