Nazir komendant xidmətinin təşkili iə bağlı göstəriş verdi

Nazir komendant xidmətinin təşkili iə bağlı göstəriş verdi

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.

Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.

Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.

Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib.

Teqlər: